Cenevrədə ABŞ və Ukrayna danışıqları başa çatıb - YENİLƏNİB
- 26 fevral, 2026
- 21:54
Cenevrədə ABŞ və Ukrayna nümayəndə heyətlərinin danışıqları başa çatıb.
"Report" xəbər verir ki, bu barədə TASS mənbəyə istinadən məlumat yayıb.
"Tərəflərin müzakirələri təxminən dörd saat davam edib, bundan sonra nümayəndələr danışıqlar yerini tərk ediblər. Aparılan müzakirələrin təfərrüatları və mümkün razılaşmalar hələlik açıqlanmır", - məlumatda bildirilib.
Ukrayna Milli Təhlükəsizlik Şurasının katibi Rustem Umerov Cenevrədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və sahibkar Cared Kuşnerlə görüşünün başladığını bildirib.
"Report" xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, Ukrayna tərəfindən bu gün nümayəndə heyətinin tərkibinə deputat David Araxamiya, dövlət xadimi, iqtisadçı və siyasətçi Aleksey Sobolev və Ukraynanın iqtisadiyyat, ətraf mühit və kənd təsərrüfatı nazirinin müavini Darina Marçak daxil olub.
"Hökumətin iqtisadi komandası ilə birlikdə biz firavanlığın təmin edilməsi üzrə tədbirlər paketini hazırlayacağıq: Ukraynanın bərpası və iqtisadi dəstək mexanizmləri, investisiyaların cəlb edilməsi alətləri və uzunmüddətli əməkdaşlıq çərçivəsi", - o yazıb.
R.Umerov qeyd edib ki, David Araxamiya ilə birlikdə Rusiya tərəfinin iştirakı ilə üçtərəfli danışıqların növbəti raunduna hazırlığı müzakirə edəcək.
"Humanitar aspekt və mümkün mübadilələr vacib məsələlərdir. Vətəndaşlarımızın geri qaytarılması ilə bağlı konkret nəticələrə ümid edirik. Biz praktiki həll yollarına fokuslanmışıq. Nəticələr barədə görüş başa çatdıqdan sonra məlumat verəcəyik", - o qeyd edib.