Britaniya Aİ ilə xidmətlər sahəsində əməkdaşlığı dərinləşdirəcək
- 10 avqust, 2026
- 01:37
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa İttifaqı ilə münasibətlərə nəzarət edən Böyük Britaniya parlamentinin deputatı Hemiş Falkoner Londonun xidmətlər sektorunda Aİ ilə əməkdaşlığı dərinləşdirmək niyyətində olduğunu bildirib.
"Report"un məlumatına görə, o, bu barədə Guardian qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Böyük Britaniya Avropa İttifaqı ilə daha "dərin və perspektivli" münasibətlərdə maraqlıdır. Xüsusilə, London xidmətlər sektorunun bir sıra istiqamətlərində irəliləyiş əldə etmək istəyir.
O qeyd edib ki, əməkdaşlıq Aİ ölkələrində çalışan britaniyalılar üçün vizasız rejimin tətbiqini, həmçinin peşə ixtisaslarının qarşılıqlı tanınmasını əhatə edə bilər. Bununla yanaşı, Falkoner vurğulayıb ki, danışıqlar Avropa siyasəti məsələlərində Leyboristlər Partiyasının "qırmızı xətləri" nəzərə alınmaqla aparılacaq.
Bundan əvvəl Böyük Britaniyanın Baş naziri Endi Börnhəm Avropa Komissiyasının sədri Ursula fon der Lyayenə London və Brüssel arasında daha sıx və ambisiyalı münasibətlər qurmaq niyyətində olduğunu bildirib.
2025-ci ilin mayında keçirilən Böyük Britaniya - Aİ sammitində tərəflər münasibətlərin yenidən qurulması barədə saziş imzalayıblar. Saziş təhlükəsizlik və müdafiə sahəsində hərtərəfli tərəfdaşlıq haqqında razılaşmanı da əhatə edib.