Braziliyada tornado nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB
- 08 noyabr, 2025
- 20:05
Braziliyanın cənubundakı Parana ştatında baş verən tornado nəticəsində altı nəfər ölüb.
"Report"un məlumatına görə, bu barədə "Reuters" agentliyi ştat hökumətinə istinadən xəbər yayıb.
Ən böyük dağıntılar cümə günü fırtınanın baş verdiyi Riu-Bonitu-du-İquasu şəhərində baş verib. Ştatın Mülki Müdafiə Xidmətinin məlumatına görə, şəhərin yarıdan çoxunun dam örtüyü çöküb və binalara ciddi ziyan dəyib.
Yollar bağlanıb, elektrik xətləri zədələnib. Hakimiyyət orqanları 437 nəfərin yaralandığını və təxminən 1 000 sakinin evlərini tərk etmək məcburiyyətində qaldığını bildirib. Fəlakət qonşu Quarapuava şəhərinə də ziyansız ötüşməyib.
Braziliyanın Parana ştatında tüğyan edən qasırğa nəticəsində azı beş nəfər ölüb, 130 nəfər yaralanıb.
"Report"un xəbərinə görə, bu barədə "CNN Brasil" məlumat yayıb.
"Dövlət Mülki Müdafiə Xidmətinin məlumatına görə, indiyə qədər azı beş ölüm hadisəsi təsdiqlənib. 130 nəfər yaralanıb", - məlumatda bildirilib.
Siklon soyuq atmosfer cəbhəsi ilə əlaqələndirilir. Riu-Qrandi-du-Sul, Santa-Katarina və San-Paulu ştatlarında küləyin sürəti saatda 100 km-dən çoxdur.
Bundan əlavə, Riu-Bonitu-du-İquasu şəhərində küləyin sürəti bəzi ərazilərdə saatda 250 km-dən çox olub. Qasırğa, həmçinin Rio-de-Janeyro və Espiritu-Santu sahillərinə də təsir göstərə bilər.