Braziliyada sərnişin avtobusunun aşması nəticəsində 17 nəfər ölüb

Digər ölkələr
  • 19 oktyabr, 2025
  • 02:54
Braziliyada sərnişin avtobusunun aşması nəticəsində 17 nəfər ölüb

Braziliyanın şimal-şərqində sərnişin avtobusu qum bəndinə çırpılaraq aşıb.

"Report" bu barədə yerli hakimiyyət orqanlarına istinadən xəbər verir.

Hadisə Pernambuku ştatının Saloa şəhərində baş verib. Avtobus Baiya ştatından yola düşüb.

İlkin məlumatlara görə, qəza zamanı 17 nəfər həlak olub. Hadisə zamanı salonda təxminən 30 sərnişin olub, lakin xəstəxanalara çatdırılan yaralıların dəqiq sayı müəyyənləşdirilir.

Polis müəyyən edib ki, sürücü idarəetməni itirib, əks hərəkət zolağına çıxıb, yol ayrıcındakı qayalarla toqquşub və qum bəndinə çırpılıb, sonra avtobus aşıb. Sürücü yüngül xəsarət alıb, onun alkoqol testi mənfi nəticə verib.

Ştatın qubernatoru Jeronimo Teyşeyra "X" sosial media platformasında administrasiyasının xilasetmə işlərində iştirak etdiyini və qurbanların şəxsiyyətlərinin müəyyən olunmasına kömək etdiyini açıqlayıb. O, həlak olanların və yaralananların ailələrinə başsağlığı verib.

Braziliyanın Nəqliyyat Nazirliyinin məlumatına görə, 2024-cü ildə ölkədə baş verən yol qəzalarında 10 mindən çox insan həlak olub.

Son xəbərlər

Bütün Xəbər Lenti