Braziliyada güclü fırtına nəticəsində azı 3 nəfər ölüb
- 20 noyabr, 2026
- 23:31
Yeniliklərdən dərhal xəbərdar olun!
Braziliyanın cənubundakı Riu-Qrandi-du-Sul ştatının Tupansiretan şəhərində baş verən güclü fırtına nəticəsində azı üç nəfər ölüb.
"Report" xəbər verir ki, bu barədə "G1" portalı yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Şəhər meri Qustavu Terranın sözlərinə görə, təbii fəlakət nəticəsində yaşayış məntəqəsindəki 8,6 min binadan təxminən 8 mini dağılıb və ya zərər görüb. Şəhərdə 20 mindən çox insan yaşayır.
Fırtına ticarət və sənaye müəssisələrinə, kənd təsərrüfatı sahələrinə və taxıl anbarlarına da ciddi ziyan vurub. Şəhərdə elektrik və su təchizatı tamamilə dayanıb, rabitədə də fasilələr yaranıb.
Regional Mülki Müdafiə Xidmətinin məlumatına görə, xəsarət alanların dəqiq sayı hələ müəyyənləşdirilir. Şəhərdəki yeganə xəstəxananın damı və diaqnostika avadanlıqları yararsız hala düşdüyündən zərərçəkənlər qonşu yaşayış məntəqələrinə təxliyə olunur.
Braziliya Milli Meteorologiya İnstitutunun məlumatına görə, fırtına zamanı küləyin sürəti saatda 114 kilometrə çatıb.
Şəhərin küçələri dolu, aşmış ağaclar, elektrik dirəkləri və dağılan binaların qalıqları ilə örtülüb.