BMT Əfqanıstana yardımın miqyasını genişləndirir
- 12 sentyabr, 2025
- 07:27

Birləşmiş Millətlər Təşkilatının strukturu olan Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) Əfqanıstanın şərqində baş verən son zəlzələlərdən sonra bu ölkəyə yardımı genişləndirir.
"Report" xəbər verir ki, bu barədə BMT cümə günü öz saytında bildirib.
Məlumata görə, BMqT zərər çəkmiş 134 000 insana kömək etmək üçün təcili olaraq 16,8 milyon dolların ayırılmasına çağırır, onların bir çoxu evlərindən didərgin düşüblər və sığınacağa, çadırlara, yorğanlara, ən zəruri şeylərə ehtiyacları var.
Qeyd olunur ki, həmçinin əhalinin tibbi yardıma, psixososial dəstəyə, eləcə də təmiz su və gigiyena məhsullarına çıxışa ehtiyacı var.
Xatırladaq ki, avqustun 31-də Əfqanıstanda baş verən 6 maqnituda gücündə zəlzələ xeyli dağıntılara səbəb olub. Sentyabrın 4-də 6,2 maqnitudada ikinci zəlzələ baş verib, daha çox dağıntılar yaradıb, əsas yolları bağlayan qaya uçqunlarına səbəb olub.
BMqT və tərəfdaşlarının sentyabrın 9-na olan məlumata görə, 2 100-dən çox insan həlak olub, 3 600 nəfər yaralanıb və ümumilikdə təxminən yarım milyon insan zərər çəkib. 7 minə yaxın ev dağılıb. Ən çox Kunar, Nangarhar əyalətləri və Laqmanın bir hissəsi zərər çəkib.