BMT: Afrikanın əhalisi 2025-ci ilədək 2,5 milyard nəfərə çatacaq
- 21 may, 2026
- 16:06
Afrikanın əhalisi 2050-ci ilədək 2,5 milyard nəfərə çatacaq və əsas artım şəhərlərin payına düşəcək.
"Report" xəbər verir ki, bu barədə BMT baş katibinin müavini və BMT-nin Dayanıqlı İnkişaf Qrupunun sədri Əminə Məhəmməd Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Afrikada Əlçatan Mənzil Təşəbbüsü çərçivəsində "Deal Room" investorlarının sessiyası" tədbirində bildirib.
Onun sözlərinə görə, bu gün dünyada 1,1 milyarddan çox insan gecəqondularda və qeyri-rəsmi yaşayış məskənlərində yaşayır, 300 milyona yaxın insanın isə ümumiyyətlə yaşayış yeri yoxdur.
Ə.Məhəmməd vurğulayıb ki, Afrika bu yükün böyük hissəsini daşıyır, lakin eyni zamanda mənzil böhranının həlli üçün əhəmiyyətli potensiala malikdir: "Afrikanın urbanizasiyası zəmanəmizin ən böyük uzunmüddətli investisiya imkanlarından biridir. Söhbət təkcə mənzil tikintisi və infrastrukturdan deyil, həm də iqlim dayanıqlılığından, logistikadan, iş yerlərinin yaradılmasından, texnologiyalar və innovasiyalardan gedir".
O vurğulayıb ki, Afrika İttifaqı qitənin bütün sakinlərinin təhlükəsiz, təmiz və yaxşı planlaşdırılmış mühitdə əlçatan mənzilə çıxışını təmin etməyə çağıraraq, urbanizasiya və mənzil məsələlərini "Gündəlik-2063"ün mərkəzinə daxil edib.
Ə.Məhəmmədin sözlərinə görə, dünya əhalisinin demək olar ki, 20 %-nin bu qitənin payına düşməsinə baxmayaraq, Afrika mənzil sahəsində qlobal maliyyələşdirmənin 3 %-dən azını əldə edir.