Sançes İspaniyada noyabrın 29-na növbədənkənar seçkiləri təyin edib - YENİLƏNİB

Digər ölkələr
  • 05 oktyabr, 2026
  • 11:37
Sançes İspaniyada noyabrın 29-na növbədənkənar seçkiləri təyin edib - YENİLƏNİB

İspaniyanın Baş naziri Pedro Sançes noyabrın 29-da ölkədə növbədənkənar parlament seçkilərinin keçiriləcəyini elan edib.

"Report" "The Guardian"a istinadən xəbər verir ki, Sançes hökumətin "son dərəcə ziddiyyətli" parlament şəraitində işləmək məcburiyyətində qaldığını bildirib.

Baş nazirin sözlərinə görə, onun hökuməti eyni zamanda ölkənin gələcəyinə təsir göstərməyə çalışan güclü iqtisadi və sosial elitaların təzyiqi ilə üzləşib.

İspaniya hökuməti növbədənkənar parlament seçkilərinə hazırlığa başlayıb, yekun qərarı baş nazir Pedro Sançes verməlidir.

"Report" xəbər verir ki, bu barədə "Bloomberg" baş nazirə yaxın üç mənbəyə istinadən məlumat yayıb.

Nazirlər, hökumətin və Sosialist Partiyasının yüksək vəzifəli nümayəndələri ötən həftə parlamentdəki məğlubiyyətdən sonra növbədənkənar seçkilərin keçirilməsini dəstəkləyiblər.

Agentliyin həmsöhbətlərinin sözlərinə görə, Sançes həftəsonu yüksək vəzifəli nümayəndələrlə məsləhətləşmələrdən sonra elə bazar ertəsi, oktyabrın 5-də ehtimal olunan növbədənkənar seçkilər barədə bəyanatla çıxış edə bilər. Bununla belə, o, növbədənkənar seçkilərin keçirilməsindən imtina edə bilər.

Cümə günü parlament hökumətin mənzil sahəsindəki iki qanun layihəsini rədd etdikdən sonra növbədənkənar seçkilərin müzakirəsi fəallaşıb. 2023-cü ildən bəri Sançesin rəhbərlik etdiyi koalisiya qanun layihələrini parlamentdən keçirməkdə dəfələrlə uğursuzluğa düçar olub. "Lakin mənzil əlçatanlığı onun tərəfdarları üçün əsas mövzulardan biri olduğundan, son məğlubiyyət xüsusilə həssas olub", - "Bloomberg" yazıb.