Skott Bessent: ABŞ-nin Argentinaya yardımı 40 milyard dollara çata bilər

Digər ölkələr
  • 16 oktyabr, 2025
  • 00:38
Skott Bessent: ABŞ-nin Argentinaya yardımı 40 milyard dollara çata bilər

ABŞ-nin maliyyə naziri Skott Bessent Argentina iqtisadiyyatını dəstəkləmək üçün özəl sektoru yeni 20 milyard dollarlıq fonda cəlb etməyə çalışdığını deyib.

"Report" bu barədə "Todo Noticias"a (TN) istinadən xəbər verir.

"Biz valyuta mübadiləsi xəttini tamamlayacaq, özəl banklar və suveren sərvət fondları ilə daha çox borc bazarına yönəlmiş 20 milyard dollarlıq bir fond üzərində işləyirik. Beləliklə, bu, Argentina üçün ümumilikdə 40 milyard dollar olacaq", - Bessent bildirib.

O həmçinin qeyd edib ki, Tramp administrasiyası seçkilər öncəsi Argentina Mərkəzi Bankının valyutasına və ehtiyatlarına təzyiqin qarşısını almaq üçün valyuta bazarında dollar satışını bərpa edib.

"Biz sadəcə olaraq dövlətin nəzarətində olan iqtisadiyyatın Birləşmiş Ştatlara şərtlər diktə etməsinə icazə verməyəcəyik", - nazir "X"də yazıb. O, həmçinin vurğulayıb ki, Amerikanın yardımı müttəfiqləri "Çin iqtisadi məcburiyyətinə qarşı mübarizə" strategiyasında dəstəkləməyə yönəlib.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp vurğulayıb ki, indiki Prezident Xavyer Miley qarşıdan gələn seçkilərdə məğlub olarsa, Vaşinqton Argentinaya vəd etdiyi maliyyə yardımını verməyəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti