Azərbaycanda gələn il vergi inzibatçılığı daha da gücləndiriləcək
- 05 noyabr, 2026
- 15:45
Yeniliklərdən dərhal xəbərdar olun!
2027-ci ildə qeyri-neft-qaz ÜDM-in artım tempinin mümkün zəifləməsinin büdcə gəlirlərinə və fiskal balansa təsirinin məhdudlaşdırılması məqsədilə vergi bazasının genişləndirilməsi, vergi inzibatçılığının daha da gücləndirilməsi, habelə ortamüddətli fiskal konsolidasiyanın davam etdirilməsi nəzərdə tutulur.
"Report" xəbər verir ki, bu, 2027-ci ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.
Sənədə əsasən, iqtisadi artım üzrə potensial mənfi kənarlaşmaların fiskal göstəricilərə ötürülməsinin məhdudlaşdırılması və ortamüddətli dövrdə fiskal dayanıqlığın qorunması təmin ediləcək.
Bununla yanaşı, dövlət müəssisələrinin fəaliyyətinin səmərəliliyinin artırılması, dövlət subsidiyalarının optimallaşdırılması, tənzimlənən qiymətlərin rolunun mərhələli şəkildə azaldılması, eləcə də dövlət müəssisələrinin idarəetmə-hesabatlılıq standartlarının təkmilləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir. Bu tədbirlər dövlət maliyyəsi üzərində yaranan potensial yükün azaldılmasına və rəqabət mühitinin yaxşılaşdırılmasına şərait yaratmaqla qeyri-neft iqtisadi artımının dəstəklənməsinə xidmət edir.