Belçika XİN: Rusiya PUA-larının Polşaya daxil olması ciddi eskalasiyadır

Digər ölkələr
  • 12 sentyabr, 2025
  • 01:30
Belçika XİN: Rusiya PUA-larının Polşaya daxil olması ciddi eskalasiyadır

Belçikanın Xarici İşlər Nazirliyi (XİN) Rusiyanın pilotsuz uçuş aparatlarının Polşanın hava məkanına daxil olması ilə əlaqədar Rusiyanın Belçikadakı səfiri Denis Qonçarı və həmin ölkənin Brüsseldəki müvəqqəti işlər vəkilini izahat vermək üçün çağırıb.

"Report"un xəbərinə görə, bu barədə məlumatı Belçikanın "Belga" agentliyi Xarici İşlər Nazirliyinin rəsmi açıqlamasına istinadən yayıb.

Görüş zamanı Belçika tərəfi baş verənlərlə bağlı öz nöqteyi-nəzərini ifadə edərək, insidenti Aİ üzvü olan dövlətin hava məkanına qəsdən müdaxilə adlandırıb və bunu Rusiya tərəfindən Aİ və NATO ilə münasibətdə gərginliyin ciddi şəkildə artması kimi qiymətləndirib.

Xatırladaq ki, sentyabrın 10-da səhər saatlarında Polşa Silahlı Qüvvələrinin operativ komandanlığı ölkənin hava sərhədlərini pozan PUA kimi müəyyən edilən bir neçə obyektin vurulduğunu elan edib. Baş nazir Donald Tusk sentyabrın 9-dan 10-na keçən gecə hava məkanında 19 pozuntunun qeydə alındığını və aşkarlanan pilotsuz təyyarələrin hamısının Belarusdan gəldiyini bildirib. Polşa adisəyə cavab olaraq Şimali Atlantika Müqaviləsinin 4-cü maddəsinin tətbiqi təşəbbüsü ilə çıxış edərək, NATO-dan alyans üzvləri arasında məsləhətləşmələr aparmağı xahiş edib.