Banqladeş hökuməti rohinca müsəlmanlarını adada yerləşdirəcək

Digər ölkələr
  • 06 dekabr, 2017
  • 10:43
Banqladeş hökuməti rohinca müsəlmanlarını adada yerləşdirəcək

Bakı. 6 dekabr. REPORT.AZ/ Banqladeş hökuməti, təqribən, 100 min rohinca qaçqınının Benqal körfəzindəki tənha və daşqınlara məruz qalan Tenqar Çar adasına köçürülməsi planını təsdiqləyib.

"Report" CNN-ə istinadən xəbər verir ki, qaçqınların Tenqar Çara 2019-cu ilin noyabr ayına qədər köçürülməsi planlaşdırılır.

Adanın tikintisinə tezliklə başlanacaq, planın büdcəsi isə 278 milyon ABŞ dolları təşkil edir.

Qaçqınların köçürülməsi üzrə plana əsasən, Tenqar Çar adasında barak tipli, təqribən, 1500 ev və qaçqınlar üçün 120 mərkəz tikilməlidir.

Qeyd edək ki, avqustun 25-də münaqişədəki son gərginləşmədən sonra Myanmadakı zorakılıqdan qaçan, təxminən, 613 min nəfər Banqladeşə gəlib. Hazırda Banqladeşdəki rohinca müsəlmanlarının ümumi sayı 826 minə çatır.