Avropa Komissiyasına etimadsızlıq votumunun uğursuzluqla nəticələnəcəyi gözlənilir

Digər ölkələr
  • 06 oktyabr, 2025
  • 21:42
Avropa Komissiyasına etimadsızlıq votumunun uğursuzluqla nəticələnəcəyi gözlənilir

Avropa Komissiyasına qarşı sağçı "Avropanın Dostları" fraksiyası və sol qruplar tərəfindən irəli sürülən iki etimadsızlıq votumunun müzakirəsinin gedişatı parlamentdə Avropa Komissiyasına (AK) kifayət qədər güclü dəstəyin olduğunu nümayiş etdirib.

"Report"un Strasburqdan verdiyi məlumata görə, Fransa "Milli Birlik" partiyasının lideri Jordan Bardella və solçu deputat Manon Obri Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayeni kəskin tənqid edib və onun istefasını tələb ediblər.

Bardella Ursula fon der Lyayeni "düşünülməmiş siyasət" aparmaqda ittiham edib. Onun sözlərinə görə, bu siyasət Avropanın sənayesini və kənd təsərrüfatını zəiflədir, bürokratiyanı gücləndirir və üzv dövlətlərə miqrasiya kvotaları tətbiq edir. O, Cənubi Amerika ilə sazişini "ticarət kapitulyasiyası" adlandıraraq bildirib ki, etimadsızlıq səsverməsi "azad millətlər Avropasını xilas etmək üçün bir şansdır".

Xüsusilə rezonans doğuran bəyanat isə belə olub: "Hazırkı genişlənmə siyasəti ilə sabah bəlkə də sivilizasiyamıza yad olan Türkiyə bizim masamızda oturacaq".

Manon Obri isə Ursula fon der Lyayeni "Qəzzada soyqırımına şərik olmaqda" ittiham edib, Avropa İttifaqını İsraillə ticarət əlaqələrini davam etdirdiyinə və silah embarqosu tətbiq etmədiyinə görə tənqid edib. O, Aİ-nin iqtisadi kursunu "korporasiyaların və ABŞ-nin maraqlarına xidmət edən, antidemokratik və planet üçün dağıdıcı" adlandırıb.

Lakin aparıcı Avropayönlü qüvvələrin - Avropa Xalq Partiyası (EPP), sosial-demokratlar, liberallar və "yaşıllar"ın nümayəndələri bildirdilər ki, onlar bu etimadsızlıq təkliflərini dəstəkləməyəcəklər. EPP fraksiyasının rəhbəri Manfred Veber təşəbbüsü "siyasi şou" adlandıraraq Ursula fon der Lyayenə "müharibə, enerji və iqlim böhranı şəraitindəki işi üçün" təşəkkür edib. Sosialistlər və "yaşıllar" isə Avropa Komissiyasına yönəlik bəzi tənqidlərə baxmayaraq, hazırkı geosiyasi şəraitdə qitəyə sabitliyin lazım olduğunu, institutlararası böhranın isə yolverilməz olduğunu vurğulayıblar.

Son xəbərlər

Bütün Xəbər Lenti