Avropa Komissiyasının hesabatı: Ukrayna və Moldova inamlı irəliləyiş nümayiş etdirir
- 04 noyabr, 2025
- 18:07
Avropa Komissiyası Avropa İttifaqına (Aİ) üzv olmaq istəyən ölkələrdə bu istiqamətdə vəziyyətin qiymətləndirildiyi Genişlənmə üzrə illik hesabatı (Enlargement Package 2025) dərc edib.
"Report"un Avropa bürosunun məlumatına görə, sənəddə genişlənmənin Avropa İttifaqının əsas prioriteti olaraq qaldığı və yeni üzvlərin daxil olmasının getdikcə daha real perspektivə çevrildiyi qeyd edilib.
Hesabatda Monteneqro və Albaniyanın əhəmiyyətli irəliləyişə nail olduğu qeyd olunur, hər iki ölkə islahatların tempini qoruyub saxlayır və üzvlük danışıqlarını 2026-2027-ci illərə qədər tamamlaya bilər.
Ukrayna və Moldova mürəkkəb xarici şəraitə baxmayaraq, qanunvericiliyin təhlili prosesini (screening) uğurla başa çatdırıb və danışıq klasterlərinin əksəriyyətinin açılması üçün şərtləri yerinə yetirib. Avropa Komissiyası qanunun aliliyi və demokratiya sahəsində islahatların davam etdirilməsi şərtilə, Moldovanın 2028-ci ilin əvvəlində, Ukraynanın isə həmin ilin sonunda üzvlük danışıqlarına başlaya biləcəyini gözləyir.
Eyni zamanda, Serbiya və Bosniya və Herseqovina irəliləyişləri ləngidən siyasi çətinliklərlə üzləşib.
Avropa Komissiyasının qiymətləndirmələrinə görə, Gürcüstan "demokratik geriləmə" nümayiş etdirir, bu da əslində onun inteqrasiya prosesini dayandırıb.
Türkiyə Aİ-nin əsas tərəfdaşı olaraq qalır, lakin demokratiya və insan haqları ilə bağlı vəziyyətin pisləşməsi səbəbindən 2018-ci ildən bəri üzvlük danışıqları dalana dirənib.
Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen vurğulayıb ki, genişlənmə "sülh, rifah və həmrəylik vədidir" və bu yolda uğur namizəd ölkələrin konkret islahatlarından və siyasi iradəsindən asılıdır.
Aİ-nin üzv dövlətləri genişlənmə prosesində növbəti addımları müəyyənləşdirmək üçün komissiyanın tövsiyələrini nəzərdən keçirməlidir.