Avropa Komissiyası aviaşirkətlərin keçmiş tarixlə yanacaq yığımları tətbiq etməsini qadağan edib
- 08 may, 2026
- 16:13
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa Komissiyası bu gün Yaxın Şərqdəki böhran fonunda Avropa İttifaqının (Aİ) nəqliyyat və turizm sektoru üçün izahatlar dərc edərək bildirib ki, aviaşirkətlər aviasiya yanacağının qiymətinin artması səbəbindən sərnişinlər üçün keçmiş tarixlə yanacaq yığımları tətbiq edə bilməzlər.
"Report"un Avropa bürosu xəbər verir ki, Brüsseldə keçirilən brifinqdə komissiyanın rəsmi nümayəndəsi Anna-Kaysa İtkonen bildirib ki, təşkilatın tövsiyələri aviasiya sektoruna və münaqişə uzanacağı təqdirdə aviasiya yanacağının mümkün qıtlığına aiddir.
Sənəd sərnişin hüquqları, hava limanlarında slotlardan istifadə, təyyarələrin yanacaqla doldurulması üzrə öhdəliklər barədə Aİ-nin qüvvədə olan normalarını izah edir.
"İstənilən aviabilet satıcısı sərnişinin ödəyəcəyi yekun qiyməti, bütün qaçılmaz və proqnozlaşdırıla bilən rüsumlar daxil olmaqla dərhal göstərməyə borcludur", - K.İtkonen bildirib.
Onun sözlərinə görə, aviasiya yanacağının qiymətlərindəki hazırkı artım tamamilə proqnozlaşdırıla biləndir, buna görə də aviaşirkətlər tariflərə yalnız yeni biletlərin satışı zamanı düzəliş edə bilərlər, lakin satın alındıqdan sonra yanacaq yığımları əlavə etmək hüququna malik deyillər.
"Artıq alınmış biletə yanacaq əlavəsinin daxil edilməsinə bəraət qazandırıla bilməz. Bu cür təcrübə haqsız kommersiya təcrübəsi haqqında Aİ qanunvericiliyini poza bilər", - K.İtkonen əlavə edib.
Avropa Komissiyası həmçinin vurğulayıb ki, yüksək yanacaq qiymətləri özlüyündə daşıyıcıları reyslərin ləğvinə görə kompensasiya ödəməkdən azad edən "fövqəladə səbəb" hesab edilmir.
K.İtkonenin sözlərinə görə, aviaşirkətlər iqtisadi cəhətdən sərfəli olmayan reysləri ləğv etmək hüququnu özlərində saxlayırlar: "Lakin bu halda sərnişinlər yenə də vəsaitlərin geri qaytarılması, marşrutun dəyişdirilməsi və ya hava limanında yardım almaq hüququna malik olurlar.
Aviaşirkətlər ləğvin yalnız fövqəladə hallar, məsələn, fiziki yanacaq qıtlığı səbəbindən baş verdiyini sübut edə bildikləri təqdirdə kompensasiya ödəməkdən azad edilirlər".
Komissiyadan dəqiqləşdiriblər ki, hazırda Aİ-də aviasiya yanacağı qıtlığının konkret əlamətləri görünmür.
Eyni zamanda, Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi ABŞ-də geniş tətbiq edilən "Jet A" yanacağının təhlükəsiz istifadəsi haqqında məlumat bülleteni buraxıb. K.İtkonen bildirib ki, bu cür yanacağın istifadəsi uçuşların təhlükəsizliyi üçün əlavə risklər daşımır, çünki Avropa təyyarələri transatlantik marşrutlarda artıq müntəzəm olaraq bu yanacaqla doldurulur.
Bundan əlavə, təşkilatdan bildirilib ki, Aİ-nin qüvvədə olan qanunvericiliyi hələ ki, sənaye üçün kifayət qədər çeviklik təmin edir, lakin vəziyyətin inkişafından asılı olaraq mümkün əlavə tədbirləri də istisna edilməyib.