ABŞ Prezidenti argentinalı həmkarını təbrik edib - YENİLƏNİB
- 27 oktyabr, 2025
- 12:14
ABŞ Prezidenti Donald Tramp Argentina Prezidenti Xavyer Mileyi partiyasının seçkilərdəki qələbəsi münasibətilə təbrik edib.
"Report"un yerli KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ lideri Yaponiyaya uçuşu zamanı təyyarədə jurnalistlərə bildirib.
"Bu, Argentinada böyük qələbə idi və mən qalibi təbrik etmək istəyirəm. O, güclü qalib oldu. Mən ona dəstəyimi ifadə etdim. Xaviyer Miley sadəcə qalib gəlmədi, böyük qələbə qazandı", - Tramp qeyd edib.
X.Mileyin sağ libertarian "İrəliləyən Azadlıq" partiyası aralıq parlament seçkilərində 41 % səs toplayaraq qalib gəlib. Müxalif peronist "Vətənin gücü" partiyası 32 % səs toplayıb.
Argentinanın paytaxtında və 23 əyalətin 15-də keçirilən aralıq parlament seçkilərində Xavyer Mileyin rəhbərlik etdiyi hakim "İrəliləyən Azadlıq" partiyası liderdir.
"Report" xəbər verir ki, bunu Milli Seçki Qurumunun saytında dərc olunan səslərin hesablanması ilə bağlı məlumatlar sübut edir.
Hazırda ölkə əhalisinin 40%-nin yaşadığı Buenos-Ayres əyaləti də daxil olmaqla, hakim partiya region üzrə 1 faiz bəndindən az irəlidədir.
Əsas müxalifət koalisiyası olan "Vətənin Gücü" son hesablamalara görə, regionda "Azadlıq irəliləyişləri"ni izləyir. Onun liderlərindən biri keçmiş prezident Kristina Fernandes de Kirşnerdir.
Seçkilər nəticəsində Deputatlar Palatasında 127, Senatda isə 24 yer yenilənəcək.