Aİ Ukraynanın Enerji Sektoruna Dəstək Fonduna daha 30 milyon avro ayırıb
- 08 avqust, 2026
- 14:13
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa İttifaqı (Aİ) Ukraynanın Enerji Sektoruna Dəstək Fonduna daha 30 milyon avro ayıraraq bu çərçivədə yardımının ümumi həcmini 279 milyon avroya çatdırıb.
"Report" xəbər verir ki, bu barədə Ukrayna baş nazirinin birinci müavini, energetika naziri Denis Şmıqal "X" sosial şəbəkəsində bildirib.
Onun sözlərinə görə, Fondun vəsaitləri Rusiya hücumları nəticəsində zədələnmiş enerji infrastrukturunun bərpası, Ukrayna enerji şirkətləri üçün kritik əhəmiyyətli avadanlıqların alınması və xüsusilə də kritik infrastruktur obyektlərinin etibarlı enerji təchizatının təmin edilməsi üçün istifadə olunur.
"Dağıntıların miqyası böyükdür. Son bir neçə ay ərzində energetiklərimiz hər ay 4-5 milyon istehlakçının elektrik təchizatını bərpa ediblər. Qarşıdan gələn qışa hazırlaşdıqca əlavə dəstəyə və avadanlıqlara ehtiyac artmaqda davam edir", - nazir qeyd edib.
O vurğulayıb ki, Aİ enerji sektoru da daxil olmaqla, Ukraynanın əsas tərəfdaşlarından biri olaraq qalır və ölkənin enerji sisteminə göstərilən daimi dəstəyə görə Avropa Komissiyasına və Aİ-yə təşəkkürünü bildirib.