Aİ son 20 ildə ilk dəfə eyni vaxtda genişlənmə üzrə 4 konfrans keçirir

Digər ölkələr
  • 14 iyul, 2026
  • 12:24
Aİ son 20 ildə ilk dəfə eyni vaxtda genişlənmə üzrə 4 konfrans keçirir

Avropa İttifaqı (Aİ) iyulun 14-də 20 ildən artıq müddətdən sonra ilk dəfə olaraq eyni vaxtda dörd namizəd ölkə ilə genişlənmə üzrə hökumətlərarası konfranslar keçirir.

"Report"un Avropa bürosu xəbər verir ki, bu barədə Brüsseldə jurnalistlərə genişlənmə məsələləri üzrə Avropa komissarı Marta Kos bildirib.

Bu gün Aİ Ukrayna və Moldova ilə altıncı danışıqlar klasterini açır, danışıqların növbəti mərhələsi həmçinin Monteneqro və Albaniya ilə keçiriləcək.

M.Kos altıncı klasterin xarici əlaqələrə, o cümlədən müdafiə sahəsində əməkdaşlıq və hibrid təhdidlərə qarşı mübarizəyə həsr olunduğunu qeyd edərək Ukrayna və Moldovanın Avropa təhlükəsizlik arxitekturasına töhfə verəcəyini vurğulayıb.

O, həmçinin iyulun 14-nü danışıqlar fəsillərini bağlamağa başlayan Albaniya üçün "dönüş nöqtəsi" adlandırıb, həmçinin Monteneqronun da irəliləyişini qeyd edib.

Ukraynanın gələcək addımlarından bəhs edən M.Kos bildirib ki, Avropa Komissiyası qalan dörd danışıqlar klasterinin hamısını "mümkün qədər tez" açmağı mümkün hesab edir.

Onun sözlərinə görə, qərar indi Aİ-yə üzv dövlətlərdən asılıdır, texniki hazırlıq isə davam edir: "Kiyev xüsusən birinci və altıncı klasterlər üzrə hansı islahatların həyata keçirilməli olduğunu artıq bilir".

Avropa komissarı ümidvardır ki, Ukraynada yeni hökumətin formalaşması islahatların aparılmasına və Avropa İttifaqına üzvlük yolunda öhdəliklərin yerinə yetirilməsinə əlavə təkan verəcək.