Aİ səfiri: Minatəmizləmə insanların normal həyata qayıtması üçün zəruridir

Digər ölkələr
  • 03 sentyabr, 2026
  • 10:53
Aİ səfiri: Minatəmizləmə insanların normal həyata qayıtması üçün zəruridir

Humanitar minatəmizləmə azad edilmiş ərazilərin bərpası, əhalinin təhlükəsiz qayıdışı və yerli icmaların normal həyatının bərpası üçün əsas təşkil edir.

"Report" xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Mariyana Kuyundziç Bakıda keçirilən 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının ikinci günündə bildirib.

Onun sözlərinə görə, torpaq təhlükəli olaraq qaldığı, infrastruktur partlayıcılarla çirkləndiyi müddətcə bərpa işlərinə başlamaq mümkün deyil.

M.Kuyunziç həmçinin Azərbaycanın bu sahədəki səylərini, xüsusən də Azərbaycanın Minatəmizləmə Agentliyinin (ANAMA) və cəlb olunmuş digər qurumların işini yüksək qiymətləndirib:

"Yaşayış məntəqəsini o zaman təhlükəsiz hesab etmək olar ki, ailələr qorxmadan geri dönə, uşaqlar risksiz məktəbə gedə bilsin, ictimai xidmətlər yenidən tam fəaliyyət göstərsin, yenidənqurma işləri isə standartlara uyğun aparılsın. İnsanların gələcəyə inamla baxa bilməsi və həyatlarını bərpa etməsi vacibdir".

O əlavə edib ki, humanitar minatəmizləməyə ayrı bir istiqamət kimi deyil, təhlükəsiz, dayanıqlı və inklüziv yaşayış məntəqələrinin yaradılması üzrə daha geniş prosesin bir hissəsi kimi baxılmalıdır.