Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketini təqdim edəcək
- 12 sentyabr, 2025
- 11:01

Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 19-cu sanksiyalar paketi sentyabrın 15-də təqdim ediləcək.
"Report" Fransa mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Jan-Noel Barro bildirib.
"Sentyabrın 15-də Avropa İttifaqı yeni sanksiyalar paketi təqdim edəcək. Bu paket ABŞ Prezidenti Donald Trampın Ağ Evə gəlişindən sonra ilk dəfə onunla birbaşa koordinasiyada hazırlanıb", - nazir qeyd edib.
Qeyd edək ki, yeni sanksiyalar paketi Rusiya bankları və enerji şirkətlərinə şamil edilə bilər. Bundan əlavə, o, Rusiyanın ödəniş və kart sisteminə qarşı tədbirləri və neft ticarətinə əlavə məhdudiyyətləri əhatə edəcək.
Eyni zamanda, Aİ Rusiyanın müdafiə-sənaye kompleksinin istifadə etdiyi bəzi malların və kimyəvi maddələrin ixracına qadağa qoymağı, bu malları tədarük edən şirkətlərə, o cümlədən Çin şirkətlərinə qarşı ticarət məhdudiyyətləri tətbiq etməyi planlaşdırır.