Aİ rəsmisi: "Tomahawk"ların tədarükü də daxil olmaqla, Ukraynaya istənilən dəstək alqışlanır
- 14 oktyabr, 2025
- 17:50

Brüssel Kiyevin dəstəklənməsi, eləcə də Moskva ilə mümkün nizamlanma məsələsində ABŞ tərəfi ilə məlumat paylaşmağa və qarşılıqlı əlaqəni dəstəkləməyə davam edir.
"Report"un Avropa bürosunun məlumatına görə, Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-yə elan edilmiş səfəri ərəfəsində fəaliyyətlərin koordinasiyası ilə bağlı suala Avropa İttifaqının (Aİ) rəsmi nümayəndələrinin reaksiyası belə olub.
Aİ mətbuat xidmətinin rəhbəri Paula Pinyo bildirib ki, V.Zelenski Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilə müntəzəm əlaqə saxlayır, lakin bu səfərin hazırlanması barədə hazırda heç nə deyə bilməz.
"Ümumiyyətlə, Aİ Kiyevlə maliyyə, hərbi və enerji dəstəyi, eləcə də Rusiyanın hərbi cinayətlərə görə məsuliyyətə cəlb edilməsi məsələlərində sıx qarşılıqlı əlaqəni davam etdirir", - Aİ-nin xarici siyasət xidmətinin nümayəndəsi Anita Hipper əlavə edib.
O bildirib ki, mümkün təzminat kreditləri məsələsi hələ də müzakirə mərhələsindədir: "Bu Aİ-yə üzv ölkələrin razılığı olmadan həll edilə bilməz. Əlavə vəsait mənbələrinin axtarışı davam edir. Ukrayna özünümüdafiə hüququna tam malikdir. Biz onu bütün mümkün vasitələrlə dəstəkləməyə borcluyuq".
A.Hipper qeyd edib ki, ABŞ-nin Ukraynaya "Tomahawk"ları tədarük etməsini yalnız alqışlamaq olar.
Qeyd etmək lazımdır ki, Rusiya bu xəbərə reaksiya verib və bildirib ki, bu, potensial olaraq nüvə qarşıdurması ehtimalını artıra bilər.