Aİ İrandan fransız diplomatlara hücum edənləri məsuliyyətə cəlb etməyi tələb edib
- 28 iyul, 2026
- 18:50
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa İttifaqı (Aİ) məsuliyyəti İranın güc strukturlarının üzərinə qoyaraq və İran hakimiyyətini günahkarları məsuliyyətə cəlb etməyə çağıraraq, Fransanın Tehrandakı səfirliyinin iki əməkdaşına edilən hücumu qətiyyətlə pisləyib.
"Report"un Avropa bürosunun məlumatına görə, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallasın bəyanatında bildirilib.
"Aİ iyulun 19-da İran təhlükəsizlik qüvvələri tərəfindən Fransanın Tehrandakı səfirliyinin iki diplomatına qarşı törədilmiş aqressiyanı birmənalı şəkildə pisləyir", - bəyanatda qeyd olunub.
K.Kallasın sözlərinə görə, bu cür hərəkətlər Vyana konvensiyalarının kobud şəkildə pozulmasıdır və diplomatik münasibətlərin inkişafını təhlükə altında qoyur: "Aİ Fransa ilə həmrəy olduğunu bildirib və Tehranı öz beynəlxalq öhdəliklərinə tam əməl etməyə çağırıb".
Brüsseldə keçirilən brifinqdə Avropa Xarici Fəaliyyət Xidmətinin rəsmi nümayəndəsi Ənvər əl-Ənuni bildirib ki, ötən həftəsonu K.Kallas İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı aparıb.
Onun sözlərinə görə, tərəflər Fars körfəzindəki vəziyyəti, həmçinin Rusiya-Ukrayna müharibəsini müzakirə ediblər.
Fransa hökumətinin məlumatına görə, iyulun 19-da Fransanın Tehrandakı səfirliyinin iki əməkdaşı İran təhlükəsizlik qüvvələrinin nümayəndələri tərəfindən hücuma məruz qalıb. Paris baş verənləri Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasının ciddi şəkildə pozulması kimi qiymətləndirib və İrandan izahat, eləcə də fransız diplomatik heyəti üçün təhlükəsizlik zəmanəti tələb edib. Aİ Fransanın mövqeyini açıq şəkildə dəstəkləyərək, Tehrana təzyiqi artırıb.