ABŞ və Macarıstan mayeləşdirilmiş təbii qaz və nüvə enerjisi ilə bağlı razılığa gəlib
- 08 noyabr, 2025
- 02:57
ABŞ və Macarıstan nüvə energetikası sahəsində, eləcə də Amerika mayeləşdirilmiş təbii qazı və silahlarının alınması ilə bağlı bir sıra razılaşmalara nail olublar.
"Report"un məlumatına görə, bu barədə ABŞ Dövlət Departamenti prezident Donald Tramp ilə Macarıstanın Baş naziri Viktor Orban arasında keçirilən danışıqlardan sonra açıqlama yayıb.
Məlumatda bildirilib ki, tərəflər xüsusilə atom energetikası sahəsində qarşılıqlı anlaşma memorandumu imzalayıblar.
"Memorandum mülki nüvə sənayesində, o cümlədən kiçik modullu reaktorlar və işlənmiş nüvə yanacağı sahəsində əməkdaşlığa dəstək vermək məqsədilə danışıqlara başlamaq niyyətimizi ifadə edir. ABŞ və Macarıstan Budapeştin Mərkəzi Avropa bazarında kiçik modullu reaktorlar üçün mərkəzə çevrilməsi üzərində çalışırlar. Macarıstan 10-a qədər kiçik modullu reaktorun tikintisini dəstəkləmək niyyətində olduğunu bildirib, bu layihələrin potensial dəyəri 20 milyard dollaradək ola bilər", - deyə sənəddə qeyd olunur.
Sənəddə həmçinin bildirilib ki, Macarıstan ABŞ-nin "Westinghouse" şirkətindən "Paqş-1" AES üçün təxminən 114 milyon dollar dəyərində nüvə yanacağı alacaq. Bu stansiya 1980-ci illərdə rus mütəxəssisləri tərəfindən tikilib və hazırda "Rosatom" strukturuna daxil olan "TVEL" şirkəti tərəfindən yanacaqla təmin olunur. Lakin Macarıstan qanunvericiliyində həmin stansiyada Rusiya yanacağı əvəzinə alternativ nüvə yanacağından istifadə imkanı nəzərdə tutulub. Macarıstan hökuməti hesab edir ki, Avropa İttifaqının "Rosatom"a qarşı sanksiyalar tətbiqinə davam etməsi fonunda ehtiyat tədbirləri görmək və Rusiya yanacağının əvəzlənməsi variantlarını nəzərdən keçirmək vacibdir.
Bundan əlavə, ABŞ Dövlət Departamenti vurğulayıb ki, Macarıstan təxminən 600 milyon dollar dəyərində Amerika mayeləşdirilmiş təbii qazının alınması üzrə müqavilələr imzalamağı öhdəsinə götürüb. Bu, Qərb mətbuatında yayılan məlumatların doğruluğunu təsdiqləyir.
Məlumatda o da qeyd olunub ki, Budapeşt ABŞ-dən 700 milyon dollar dəyərində silah və hərbi texnika almaq planlarını açıqlayıb. Alınacaq məhsulların dəqiq siyahısı göstərilməyib.
Sonda Dövlət Departamenti bildirib ki, Vaşinqton Macarıstanın ABŞ-yə vizasız giriş proqramında tam iştirakını bərpa edəcək.