ABŞ Ukraynada dronların tətbiqi təcrübəsini mənimsəmək istəyir
- 22 iyul, 2026
- 03:59
ABŞ Silahlı Qüvvələri Rusiya-Ukrayna müharibəsinin gedişində dronların tətbiqi təcrübəsini mənimsəmək niyyətindədir.
"Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn Konqres Senatının dinləmələrdə bildirib.
Onun sözlərinə görə, hərbi məqsədlərlə kütləvi şəkildə istifadə oluna bilən ucuz pilotsuz uçuş aparatları dünyada getdikcə daha geniş yayılır. "Biz bunu Ukraynada gördük və gələcək döyüş əməliyyatlarında bu mübarizənin elementlərini mənimsəməliyik", - o qeyd edib.
Keyn həmçinin bildirib ki, Ukrayna ilk dəfə olaraq F-16 vasitəsilə Rusiya qırıcısını vurub. "Bu yaxınlarda biz Ukraynaya məxsus F-16-nın Rusiya qırıcısını vurduğu ilk hava döyüşünün şahidi olduq. Son bir neçə il ərzində bir çox tərəfdaşların dəstəyi sayəsində Ukrayna öz eşelonlaşdırılmış müdafiə sistemini əhəmiyyətli dərəcədə gücləndirib", - hərbi komandan əlavə edib.
Keyn və Pentaqon rəhbəri Pit Heqsetin iştirakı ilə Konqresdə keçirilən dinləmələr Vaşinqton administrasiyasının ilk növbədə hərbi ehtiyaclar üçün 87 milyard dollardan çox əlavə vəsaitin ayrılması ilə bağlı sorğusuna həsr olunub.