ABŞ Senatı Venesuelaya qarşı güc tətbiq etməyin tərəfdarıdır
- 07 noyabr, 2025
- 04:40
ABŞ Senatı Prezident Donald Tramp administrasiyasından qanunvericilik təsdiqi olmadan Venesuelaya qarşı hərbi güc tətbiq etməməyi tələb edən qətnaməni rədd edib.
Sənədi Konqresin yuxarı palatasının 49 üzvü dəstəkləyib, 51-i isə əleyhinə səs verib. Qətnamənin təsdiq edilməsi üçün səs çoxluğu tələb olunub.
Qətnamədə vurğulanır ki, Tramp administrasiyası Amerika qüvvələrinə Konqres tərəfindən icazə verilməyən Venesuelada və ya bu ölkəyə qarşı hərbi əməliyyatlarda iştirak etməyə icazə verməməlidir.
Sənəddə müharibə elan etmək səlahiyyətinin yalnız qanunverici orqanın olduğu vurğulanır: "Konqres hələ Venesuelaya və ya Venesueladakı hər hansı şəxsə və ya quruma müharibə elan etməyib, həmçinin Venesuela ərazisində və ya ona qarşı hərbi güc tətbiq etməyə icazə verən hər hansı qanunu qəbul etməyib".
Noyabrın 6-da CNN telekanalı mənbələrə istinadən xəbər verir ki, Tramp administrasiyası ABŞ Ədliyyə Nazirliyindən hərbi güc tətbiq etmək üçün Konqresin icazəsi istəmədən Venesuelada yerüstü hədəflərə zərbələrə haqq qazandıracaq hüquqi rəy almağa ümid edir. Noyabrın 5-də keçirilən qapalı brifinqdə administrasiya rəsmiləri, o cümlədən dövlət katibi Marko Rubio və Pentaqon katibi Pit Hegset qanunvericilərə bildiriblər ki, ABŞ-ın hazırda Venesuelada quru hədəflərinə hücumlar üçün heç bir planı və ya hüquqi əsası yoxdur.
Onlar izah ediblər ki, mövcud hüquqi rəy yalnız ABŞ-ın narkotik daşıdığına inandığı gəmilərə zərbələr endirməyə icazə verir. ABŞ Hərbi Dəniz Qüvvələri sentyabr ayından bu yana bir neçə belə zərbə endirib.