ABŞ Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə konsepsiya hazırlayıb
- 26 noyabr, 2026
- 00:55
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ Rusiya-Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı konsepsiya hazırlayıb.
"Report" xəbər verir ki, bunu ABŞ Prezidentinin xüsusi elçisi və kürəkəni Cared Kuşner Axel Springer media konserninin rəhbəri Matias Döpfnerin podkastında bildirib.
Onun sözlərinə görə, son iki ay ərzində avropalılarla sıx əməkdaşlıq aparılıb, sülhə nail olmaq üçün ümumi mövqenin formalaşdırılması və uyğun çərçivənin hazırlanması müzakirə edilib.
Kuşner bildirib ki, Rusiya tərəfi ilə də müxtəlif ideyalar dəfələrlə qapalı müzakirə olunub:
"Düşünürəm ki, artıq nizamlanma ilə bağlı konsepsiyamız və yanaşmamız var. Bunun uğur gətirib-gətirməyəcəyini bilmirəm, lakin kifayət qədər məntiqli görünür. Görünür, hazırda hər iki tərəf bunu sınamağa hazırdır. Ümid edirəm ki, qarşıdakı bir neçə həftə ərzində məqsədə nə dərəcədə yaxın olduğumuzu görə biləcəyik".
Qeyd edək ki, daha əvvəl Ukrayna, Rusiya, ABŞ və Avropa nümayəndələrinin iştirakı ilə işçi görüşün Milad bayramına qədər keçirilə biləcəyi barədə məlumat yayılıb.
Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov jurnalistlərə açıqlamasında Moskvanın noyabrın 10-11-də Əbu-Dabidə keçirilən formatda danışıqları davam etdirməyə hazır olduğunu bildirib.