ABŞ Konqresi şatdaunun 30 yanvara qədər dayandırılmasını nəzərdə tutan qanunu qəbul edib
- 13 noyabr, 2025
- 05:28
ABŞ Nümayəndələr Palatası ölkə tarixinin ən uzun şatdaunundan sonra hökumətin 30 yanvar tarixinədək işini bərpa etmək haqqında qanun layihəsini dəstəkləyib.
"Report"un məlumatına görə, iclasın yayımını C-SPAN kanalı həyata keçirib.
Növbəti iki ay üçün nəzərdə tutulan büdcə layihəsini ABŞ Nümayəndələr Palatasının 222 üzvü dəstəkləyib. Qanunun qəbul edilməsi üçün sadə səs çoxluğu – 433 üzvdən 217 səs tələb olunurdu. Dörd üzvün iclasda iştirak etmədiyini nəzərə alaraq qanunun qəbul edilməsi üçün minimum səs sayı 215-ə endirilib. Layihəni yalnız 216 respublikaçı deyil, eyni zamanda, altı demokrat da dəstəkləyib.
Palatada keçirilən səsvermədən sonra sənəd ABŞ Prezidenti Donald Tramp tərəfindən imzalanmalıdır.
"21:45-də (Bakı vaxtı ilə cümə axşamı saat 06:45) prezident Senatın H.R. 5371 saylı qanun layihəsinə etdiyi düzəlişi – Maliyyələşmənin davam etdirilməsi haqqında qanunu imzalayacaq", – deyə administrasiyanın açıqlamasında bildirilib.
Bundan əvvəl ABŞ Senatı da oxşar qərar qəbul etmişdi.