ABŞ Karib hövzəsində narkotik ticarətinin qarşısını almağa davam edəcək

Digər ölkələr
  • 13 noyabr, 2025
  • 01:40
ABŞ Karib  hövzəsində narkotik ticarətinin qarşısını almağa davam edəcək

Vaşinqton administrasiyası Karib hövzəsində narkotiklərin daşınmasının qarşısını almağa yönəlmiş güc tətbiqini davam etdirmək niyyətindədir.

"Report"un məlumatına görə, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlər üçün keçirilən növbəti brifinqdə bildirib.

"ABŞ Prezidenti Donald Trampın administrasiyasının Karib regionunda narkoterrorçulara qarşı apardığı kampaniya ilə bağlı mövqeyi dəyişməyəcək, bu fəaliyyət davam etdiriləcək", – deyə Livitt vurğulayıb.

Onun sözlərinə görə, Tramp terrorçuların ABŞ-yə narkotik gətirməsinə, nəticədə amerikalıların həyatını itirməsinə yol verməyəcəyini tam şəkildə aydın ifadə edib.

ABŞ daha əvvəl Latın Amerikasında fəaliyyət göstərən bir sıra narkokartelləri terror təşkilatları siyahısına daxil etmişdi.

Ağ Evin mətbuat katibi bu açıqlama ilə Böyük Britaniyanın Karib hövzəsində narkotik qaçaqmalçılığı ilə məşğul olduğu güman edilən gəmilərin hərəkəti ilə bağlı ABŞ-yə kəşfiyyat məlumatları verməyi dayandırdığına dair mediada yayılan xəbərləri şərh etməsi istənildikdə çıxış edib.

"Bu xəbərləri görmüşəm, onlardan xəbərdaram. Lakin biz məxfi məlumatlarla bağlı kəşfiyyat məsələlərinə dair şərh vermirik", – deyə Livitt bildirib.

CNN telekanalının mənbələrinin məlumatına görə, Londonun bu addımı Böyük Britaniyanın ABŞ-nin həmin regionda katerlərə endirdiyi zərbələrə cəlb olunmaq istəməməsi ilə bağlıdır. Materialda qeyd olunub ki, Britaniya tərəfi bu hərəkətləri qanunsuz hesab edir.

Son xəbərlər

Bütün Xəbər Lenti