ABŞ hökuməti şatdaun səbəbindən ərzaq yardımı proqramını yalnız qismən maliyyələşdirəcək
- 04 noyabr, 2025
 - 01:05
 
                            
                            
                        Vaşinqton administrasiyası Əlavə Qidalanma Yardım Proqramını (SNAP) yalnız qismən maliyyələşdirməyi öhdəsinə götürüb.
"Report"un "ABC News"a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Kənd Təsərrüfatı Departamentinin yüksək vəzifəli nümayəndəsi federal hakimə bildirib.
"Tramp administrasiyası 4,65 milyard dollar (8 milyard yerinə - Qeyd) ödəmə ilə Əlavə Qidalanma Yardımı Proqramını qismən maliyyələşdirməyi vəd edib", - bəyanatda deyilir.
Bununla da, ABŞ Kənd Təsərrüfatı Departamenti Rod-Aylend məhkəməsinin oktyabrın 31-də Tramp administrasiyasına hökumətin bağlanması fonunda təxminən 42 milyon amerikalının ehtiyac duyduğu ərzaq yardımı üçün maliyyə ayırmağı əmr edən qərarını qismən təmin edib.
Ona görə də ölkənin aztəminatlı və həssas təbəqəsinin yalnız yarısının ehtiyacları ödəniləcək.
Ərzaq, Qidalanma və İstehlakçı Xidmətləri Departamentinin katibi Patrik Pennin sözlərinə görə, 4,65 milyard dollarlıq ödəniş SNAP proqramının ehtiyat fondunu tamamilə tükəndirəcək.
"Associated Press" öz növbəsində qeyd edib ki, ABŞ-da proqram üzrə orta ödəniş adambaşına 190 dollar təşkil edir. Bununla belə, vəsaitin köçürülməsi iki həftəyə qədər çəkə bilər.
Oktyabrın 31-də Tramp deyib ki, Ağ Ev hökumətin bağlanması səbəbindən proqrama vəsait ayırmaq üçün qanuni səlahiyyətə malik deyil. Eyni zamanda, Amerika lideri qeyd edib ki, əgər məhkəmə Ağ Evə müvafiq hüquqi göstəriş versə, o, hərbçilərin və hüquq-mühafizə orqanlarının əməkdaşları üçün ödənişlərdə olduğu kimi, SNAP proqramının maliyyələşdirilməsini şərəf hesab edəcək.