ABŞ-də təyyarə helikopterlə toqquşub

Digər ölkələr
  • 21 avqust, 2026
  • 03:17
ABŞ-də təyyarə helikopterlə toqquşub

ABŞ-ın Pensilvaniya ştatında yerləşən Karlayl hava limanında yüngülmühərrikli təyyarə polis helikopteri ilə toqquşub.

"Report"un "WCHS-TV"yə istinadən verdiyi məlumata görə, hadisə Bell 407 helikopteri və Cessna 150 təyyarəsinin təlim uçuşları zamanı baş verib.

Təlim manevrlərindən sonra helikopter yerdə dayanıb. Enməyə yaxınlaşan təyyarə uçuş-enmə zolağı boyunca alçalıb, sağa istiqamətini dəyişib və helikopterə arxa hissədən çırpılıb.

Cessna təyyarəsinin pilotu aldığı xəsarətlərdən hadisə yerində ölüb. İlkin məlumata görə, o, təyyarənin göyərtəsindəki yeganə şəxs olub.

Helikopterdə olan iki polis əməkdaşı isə ciddi xəsarət almayıb, onların həyatı üçün təhlükə olmadığı bildirilib.

Qeyd edək ki, Karlayl hava limanında dispetçer qülləsi yoxdur. Buna görə pilotlar uçuşlar zamanı radio tezlikləri vasitəsilə bir-biri ilə əlaqə saxlayırlar. Hadisənin səbəbləri və təfərrüatları ABŞ Federal Aviasiya Administrasiyası (FAA) və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) tərəfindən araşdırılır.