ABŞ-də təyyarə avtomobillə toqquşub, dörd nəfər xəsarət alıb
- 10 fevral, 2026
- 03:38
ABŞ-nin Corciya ştatının Geynzvill şəhərində yüngül mühərrikli təyyarə birbaşa işlək şoseyə sərt eniş edib.
"Report" "ABC News" telekanalına istinadən xəbər verir ki, "Beechcraft Hawker G-36" təyyarəsinin pilotu uçuşdan qısa müddət sonra mühərrikdə nasazlıq olması barədə məlumat verib və hava limanına qayıtmaq imkanı olmadığı üçün "Brauns Bric" avtomobil yoluna enmək qərarına gəlib.
Eniş zamanı təyyarə bir neçə avtomobili vurub.
Geynzvill polisinin məlumatına görə, hadisə nəticəsində azı dörd nəfər xəsarət alıb: təyyarədə olan iki nəfər və zərbəyə məruz qalan avtomobillərin iki sürücüsü. Həkimlər yaralıların həyatı üçün təhlükə olmadığını bildiriblər.
Federal Aviasiya Administrasiyası (FAA) artıq texniki nasazlığın səbəblərini araşdırmağa başlayıb.