ABŞ-də ilk dəfə burbon virusuna yoluxma aşkar edilib
- 02 avqust, 2026
- 06:06
Amerikanın Nyu-York ştatında ilk dəfə olaraq xüsusi müalicəsi olmayan nadir burbon virusuna yoluxma halı təsdiqlənib.
"Report" xəbər verir ki, bu barədə "People" jurnalı məlumat yayıb.
Məlumata görə, gənə dişləməsi vasitəsilə keçən virusa Lonq-Aylenddə 67 yaşlı Maykl Larkin yoluxub. Bir müddət sonra kişidə şiddətli baş ağrıları və halsızlıq yaranıb, bundan sonra o, xəstəxanaya yerləşdirilib.
Əvvəlcə həkimlər Laym xəstəliyindən şübhələniblər, lakin testin nəticəsi mənfi olub. Əlavə müayinələrdən sonra həkimlər xəstənin burbon virusuna yoluxduğunu müəyyənləşdiriblər. "CBS News" telekanalının məlumatına görə, Larkin sağala bilib.
Burbon virusu ilk dəfə 2014-cü ildə Amerikanın Kanzas ştatında aşkarlanıb və ilk xəstəlik halının qeydə alındığı dairənin adını alıb. O vaxtdan bəri rəsmi olaraq altı yoluxma halı təsdiqlənib ki, onlardan ikisi ölümlə nəticələnib.
Xəstəlik qızdırma, halsızlıq, səpki, bədəndə ağrılar, ürəkbulanma və baş ağrılarına səbəb olur. Burbon virusuna qarşı peyvənd və xüsusi terapiya hələ ki mövcud deyil.