ABŞ-da çaya dağılmış 3 min barrel neftin üçdə bir hissəsi yığılıb
- 14 dekabr, 2016
- 02:49
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 14 dekabr. REPORT.AZ/ ABŞ-ın Şimali Dakota ştatında çaya dağılmış 3 min barrel (400 ton) neftin təxminən üçdə bir hissəsi yığılıb.
"Report" xəbər verir ki, bu barədə ştatın rəsmi şəxslərinə istinadən "Reuters" agentliyi bildirib.
Məlumata görə, ötən həftə - dekabrın 5-də baş vermiş itkinin ümumi həcmi 4,3 min barrel qiymətləndirilir. Qəza "Dakota Access" neft kəmərinin üzlənməsinə qarşı etiraz edənlərin düşərgəsindən 240 kilometr məsafədə baş verib. Bu, həmin layihəyə qarşı çıxan yerli sakinlərin və ekoloji aktivistlərin mübarizəsində daha bir əhəmiyyətli arqument ola bilər.
Məlumatda bildirilir ki, havanın aşağı temperaturu çay suyunun neftdən təmizlənməsinə mane olur. Ancaq eyni zamanda neft ləkəsinin daha gec yayılmasına imkan yaradır.
Hadisənin səbəbi hələ məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Son aylar onlarla təşkilatın minlərlə fəalı "Dakota Access" neft kəmərinin tikintisinə qarşı etiraz edir. Onlar neft kəmərinin hindilər üçün müqəddəs qoruq edilmiş ərazilərdən çəkilməməsinə nail olublar. Bununla bağlı keçirilmiş etiraz aksiyalarının gedişatında təxminən 600 insan saxlanılaraq sonradan azadlığa buraxılıb.