Britaniya ABŞ-nin xahişi ilə Rusiya tankerinin ələ keçirilməsinə yardım edib – YENİLƏNİB
- 07 yanvar, 2026
- 20:05
Yeniliklərdən dərhal xəbərdar olun!
Böyük Britaniya ABŞ hökumətinin xahişi ilə Rusiyaya məxsus Marinera tankerinin ələ keçirilməsinə yardım edib.
"Report"un məlumatına görə, bu barədə krallığın Müdafiə Nazirliyinin bəyanatında qeyd olunub.
Bildirilib ki, Böyük Britaniya həmin tankeri izləmək üçün kəşfiyyat təyyarələrini işə salıb və ABŞ Hərbi Hava Qüvvələrinə öz aviabazalarını təqdim edib.
Birləşmiş Ştatlar Böyük Britaniya yaxınlığında Atlantik okeanında Rusiya bayrağı altında hərəkət edən "Marinera" neft tankerinə nəzarəti ələ keçirib.
"Report" xəbər verir ki, bu barədə NBC mənbələrə istinadən məlumat yayıb.
"Gəmi nəzarətə götürülüb və əməliyyata Daxili Təhlükəsizlik Nazirliyi rəhbərlik edir", - nəşr qeyd edir.
Adını "Bella 1"dən "Marinera"ya dəyişən gəmi keçən ay Venesuela sahilləri yaxınlığında ABŞ Sahil Mühafizəsinin təqibinə məruz qalmışdı.
Əməliyyat Atlantik okeanında gəminin iki həftədən artıq davam edən təqibindən sonra həyata keçirilib.
ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığı "X" şəbəkəsində Şimali Atlantikada tankerin ABŞ sanksiyalarını pozduğuna görə saxlanıldığını təsdiqləyən açıqlama dərc edib. Məlumatda bildirilir ki, həbs ABŞ federal məhkəməsinin orderi əsasında həyata keçirilib.