TDT diaspor qurumlarının rəsmiləri üçün təcrübə proqramına start verilib

Diaspor
  • 13 oktyabr, 2025
  • 17:45
TDT diaspor qurumlarının rəsmiləri üçün təcrübə proqramına start verilib

Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin diaspor qurumlarının rəsmiləri II "INTERNSHIP" (təcrübə) proqramında iştirak üçün Azərbaycanda səfərdədir.

Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, komitə sədrinin birinci müavini Valeh Hacıyev Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli diaspor siyasəti, TDT-nin yaranması və Komitə haqqında məlumat verib, tədbirin keçirilməsinin qurumlar arasında əməkdaşlığın genişləndirilməsindəki əhəmiyyətindən danışıb.

Ardınca Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Diasporun Dəstək Fondu fəaliyyətlərindən bəhs edən təqdimatlar nümayiş olunub.

Qazaxıstanın "Otandastar" Fondunun vitse-prezidenti Alibek Jurkadam, Özbəkistanın Millətlərarası Münasibətlər və Xaricdəki Soydaşlar məsələləri Komitəsinin nümayəndəsi Sardor Maxamadiyev, Şimali Kipr Türk Respublikasının Xarici İşlər Nazirliyinin birinci katibi Dilşad Şenol, Türkiyənin Xaricdə yaşayan Türklər və Əqraba İcmaları İdarəsinin nümayəndəsi Ömer Seyithanoğlu və Macarıstanın Xaricdəki Macar İcmalarının Tədqiqat İnstitutunun tədqiqatçısı Daniel Gazso çıxış edərək ölkələrinin diaspor siyasətindən və görülən işlərdən danışıb, Türk dünyasının həmrəyliyi, diaspor əməkdaşlığının gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Təcrübə proqramının iştirakçıları daha sonra Şuşa və Xankəndiyə yola düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti