Salonikidəki Azərbaycan diasporunun fəaliyyəti müzakirə olunub
- 19 oktyabr, 2026
- 17:37
Yeniliklərdən dərhal xəbərdar olun!
Yunanıstanın Saloniki şəhərində yaşayan azərbaycanlılarla bağlı görülən işlər, icmalaşma prosesi və diaspor üzvləri arasındakı kommunikasiya məsələləri müzakirə edilib.
Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Qeyd edilib ki, komitə sədri Fuad Muradovun Yunanıstana səfəri çərçivəsində Azərbaycan diasporunun inkişafı, milli birliyin gücləndirilməsi və milli-mənəvi dəyərlərin yaşadılması istiqamətində görülən işlər dəyərləndirilib.
"Qala" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Saloniki Azərbaycan Evinin rəhbəri Rəşid Məmmədov evin fəaliyyəti barədə məlumat verib, icmanın təşəbbüslərinə göstərilən dəstəyə görə Azərbaycan dövlətinə minnətdarlıq edib.
Azərbaycanın Yunanıstandakı səfiri Arif Məmmədov icma görüşünü, həmçinin Saloniki şəhərində və ətraf ərazilərdə yaşayan soydaşların Azərbaycanla Yunanıstan arasında həmrəyliyin möhkəmləndirilməsindəki rolunu yüksək qiymətləndirib. Səfir həmçinin xaricdə yaşayan azərbaycanlılara dövlət qayğısını önə çəkib.
İştirakçılara komitənin 70 ölkədə fəaliyyət göstərən Azərbaycan icmaları ilə sistemli işi, diasporun yol xəritəsinin hər bir ölkə üçün müəyyən olunmuş spesifik cəhətləri barədə müfəssəl məlumat verilib.
İcma toplantısı qarşılıqlı fikir mübadiləsi şəraitində davam edib. Soydaşların sualları cavablandırılıb, icma fəaliyyətinin daha səmərəli təşkili, yeni təşəbbüslərin reallaşdırılması və diaspor əlaqələrinin genişləndirilməsi ilə bağlı təkliflər səsləndirilib.
Qeyd edək ki, bu gün dünyanın 21 ölkəsində 32 Azərbaycan evi var. 2017-ci ildən fəaliyyət göstərən Salonikidəki Azərbaycan Evi də onlardan biridir.