Kaliforniyada Azərbaycanın dövlət müstəqilliyinin bərpasının ildönümü qeyd olunub
- 19 oktyabr, 2025
- 10:02

ABŞ-nin Kaliforniya ştatının Campbell şəhərində 18 Oktyabr - Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə bədii gecə keçirilib.
"Report"un ABŞ bürosu xəbər verir ki, musiqili gecə Şimali Kaliforniya Mədəniyyət Cəmiyyətinin təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Kaliforniyada yaşayan Azərbaycan icmasının fəal üzvləri və Azərbaycanın Kaliforniyadakı Baş Konsulluğunun diplomatları iştirak ediblər. Çıxışlarda ölkəmizin müstəqillik tarixindən, çağdaş Azərbaycanın qurucusu ümummilli lider Heydər Əliyevin möhkəm təməllər üzərində qurduğu, bu gün dünyada liderlik edən Azərbaycanın inkişafından və Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə davam edən tərəqqi və uğurlardan bəhs olunub.
Qeyd olunub ki, Şimali Kaliforniya Mədəniyyət Cəmiyyəti 43 ildir fəaliyyət göstərir və ABŞ-də yaşayan azərbaycanlıların mədəni birliyinin möhkəmlənməsinə əhəmiyyətli töhfə verir.
Tədbirdə "Sound of Fire" nağara qrupunun ifasında musiqi nömrələri təqdim olunub, gənc həmyerlilərimizdən ibarət "Neva" musiqi qrupu isə Azərbaycanın zəngin musiqi irsindən nümunələr səsləndirib. Həmçinin gecədə Azərbaycan Uşaq Rəqs Ansamblının təqdimatında rəqs kompozisiyaları nümayiş etdirib.
Gecənin sonunda Şimali Kaliforniya Mədəniyyət Cəmiyyəti tərəfindən diaspora fəallarına sertifikatlar təqdim edilib.