Fuad Muradov: Azərbaycan diaspor komitələrinin əlaqələrinin gücləndirilməsinə xüsusi əhəmiyyət verir

Diaspor
  • 08 sentyabr, 2026
  • 12:57
Fuad Muradov: Azərbaycan diaspor komitələrinin əlaqələrinin gücləndirilməsinə xüsusi əhəmiyyət verir

Azərbaycan diaspor məsələlərinə cavabdeh olan dövlət qurumları arasında birbaşa institusional əlaqələrin gücləndirilməsinə xüsusi əhəmiyyət verir.

"Report"un Türkiyə bürosu xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Ankarada keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Birinci Müsəlman Diaspora Forumunda deyib.

Onun sözlərinə görə, ayrı-seçkilik və zərərli stereotiplərin aradan qaldırılması, eyni zamanda, irsin və milli kimliyin qorunması, gənc nəslin öz kökləri ilə əlaqəsinin davam etdirilməsi və onları qəbul edən cəmiyyətlərə uğurlu inteqrasiyasının təmin olunması da daim Azərbaycanın diqqətindədir:

"Əminəm ki, əməkdaşlıq və təcrübə mübadiləsi bu çağırışların aradan qaldırılmasının ən səmərəli vasitələrindən biridir. İƏT-ə üzv dövlətlərin diaspor məsələləri sahəsində müxtəlif və dəyərli təcrübələri mövcuddur. Bu təcrübəni bir-birimizlə bölüşmək, uğurlu modellərdən yararlanmaq və yeni imkanlar yaratmaq üçün böyük potensialımız var. Biz İƏT-ə üzv dövlətlərin müvafiq qurumları ilə ikitərəfli əməkdaşlığın inkişafında, qarşılıqlı səfərlərin təşkilində, ekspert və təcrübə mübadiləsində, birgə gənclər proqramları və layihələrinin həyata keçirilməsində, eləcə də əməkdaşlıq memorandumlarının imzalanmasında maraqlıyıq".

F.Muradov bildirib ki, Azərbaycan artıq Türkiyə, Qazaxıstan, Özbəkistan, Meksika, Qırğızıstan, Rumıniya və daha beş ölkə ilə bu istiqamətdə uğurlu əməkdaşlıq qurub:

"Builki forum zaman keçdikcə İƏT məkanında diaspor məsələlərinə məsul qurumlar arasında davamlı əlaqələrin inkişaf etdirilməsi üçün mühüm platformaya çevrilə bilər. Lakin belə əməkdaşlıq yalnız dövlət qurumları ilə məhdudlaşmamalıdır. Diaspor təşkilatları, gənclər, qadınlar, tələbələr, alimlər, sahibkarlar və müxtəlif sahələrdə çalışan peşəkarlar da bu prosesə daha fəal şəkildə cəlb edilməlidirlər".

Dövlət Komitəsinin sədri vurğulayıb ki, "From Roots to Roots" mövzusu İƏT-ə üzv ölkələr qarşısında duran vəzifəni çox dəqiq ifadə edir:

"Diaspor təşkilatları öz köklərinə möhkəm bağlı qalmaqla yanaşı, gələcək nəsil üçün yeni yollar da açmalıdır. Bu yollar xalqlarımızı bir-birinə daha da yaxınlaşdırmalı, diasporlarımızı tarixi vətənləri ilə əlaqələndirməli və millətimizi daha sıx əməkdaşlığa gətirib çıxarmalıdır. Əminəm ki, bu dialoq zamanla konkret təşəbbüslərə, birgə layihələrə və İƏT-ə üzv dövlətlərdə diaspor məsələlərinə məsul qurumlar arasında daha dərin institusional əməkdaşlığa çevriləcək".

44 filmi