Dövlət Komitəsinin nümayəndələri ABŞ-də azərbaycanlı gənclərlə görüşüb
- 10 mart, 2026
- 17:42
ABŞ-də səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri Corc Vaşinqton və Corc Meyson universitetlərinin azərbaycanlı tələbə təşkilatlarının rəhbərləri ilə görüş keçiriblər.
"Report"un ABŞ bürosu xəbər verir ki, tədbirdə tələbə-gənclərin təhsil mühitindən, onların universitetin ictimai həyatında iştirakından danışılıb.
Qeyd edilib ki, tələbə gənclər təşkilatları yalnız təhsil alan azərbaycanlıların şəbəkələşməsi istiqamətində deyil, həmçinin vətənimizin mədəniyyətinin və tarixi haqqında məlumatlandırma tədbirlərinin təşkilini həyata keçirir.
Görüş zamanı gələcək fəaliyyətin prioritet istiqamətləri, yeni təşəbbüslər və mövcud problemlər müzakirə edilib. Azərbaycan dövlətinin gənclərinin xaricdə təhsil alması üçün həyata keçirdiyi dövlət proqramının yeni nəsil həmvətənlərə yaratdığı inkişaf imkanlarının əhəmiyyəti vurğulanıb.
Daha sonra Komitənin şöbə müdiri Səlhət Abbasova gənclərə müasir dövrdə diasporun məskunlaşma və inkişaf tendensiyaları, Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyət istiqamətləri, eləcə də gənc Azərbaycan diasporu ilə işin perspektivləri haqqında məlumat verib.
Gənclərin iştirakı ilə təşkil edilmiş Diaspor Gənclərinin Yay Düşərgələri, Beynəlxalq Forumlar, Amerika-Azərbaycan Gənclərinin ötən ildə təşkil edilmiş forumları haqqında məlumat verilib. Qeyd edilən tədbirlərin iştirakçısı olmuş gənclər öz təəssüratlarını bölüşüblər.
Diaspor Gənclərinin Yay Düşərgəsinin iştirakçısı olmuş Corc Vaşinqton Universitetinin Tələbə Assosiasiyasının rəhbəri Humay Sadiq bildirib ki, düşərgə ona geniş coğrafiyanı əhatə edən gənclərlə fikir mübadiləsi nəticəsində bəzi mühüm məsələlərə dair dünyagörüşünün formalaşmasına kömək edib.
Corc Meyson Universitetinin Azərbaycanlı Tələbələr Təşkilatının rəhbəri İlyas Vəliyev II Amerika-Azərbaycan Gənclərinin Forumunda iştirak etdiyini, ABŞ-nin müxtəlif ştat və universitetlərindən olan böyük nailiyyətlər qazanmış gənclərlə tanış olmaq, dostluq qurmaq imkanı yaratdığını və bu əlaqələrin onun üçün mühüm olduğunu qeyd edib.
Görüş zamanı Komitənin xaricdə yaşayan gənclərin təşəbbüslərinə açıq olduğu, ABŞ-də azərbaycanlıların təsis etdikləri 10-dan artıq gənclər və tələbə-gənclər təşkilatları ilə əməkdaşlıq etdiyi qeyd edilib.
Görüşdə, həmçinin Amerika Azərbaycan Təşkilatları Alyansının icraçı direktoru Nigar İbrahimova və ABŞ-də səfərdə olan Kanada Azərbaycan Evinin rəhbəri Lalin Həsənova iştirak edib, öz təcrübələrini gənc liderlərlə bölüşüblər.