Xalq şəhidlərin xatirəsini anır - onların şücaətləri, fədakarlıqları heç vaxt unudulmayacaq
- 08 noyabr, 2022
- 10:43
Yeniliklərdən dərhal xəbərdar olun!
8 Noyabr - Zəfər Günü münasibətilə İkinci Şəhidlər xiyabanına insan axını davam edir. Böyük izdihamla nümayiş olunan ziyarətə minlərlə insan qatılıb. Xalqımızın and yerinə çevrilən şəhidlərimizin uyuduğu bu müqəddəs məkan ziyarətçilərin üzünə açıqdır. Ziyarətə paytaxt sakinləri ilə yanaşı, respublikanın müxtəlif rayonlarından gələnlər də var.
"Report"un əməkdaşı xiyabanda şəhidlərimizi anmağa gələn ziyarətçilərlə həmsöhbət olub.
Söhbət zamanı ilk müsahibimiz Birinci Qarabağ müharibəsi qazisi Əmirxan Azayev ziyarətə döyüş yoldaşları ilə birgə İsmayıllı rayonunundan gəldiyini bildirib. Onun sözlərinə görə, Zəfər Günü İkinci Şəhidlər xiyabanını ziyarəti bir neçə gün əvvəl planlaşdırıblar: "Biz "Babək 44" taborunun döyüşçüləri olaraq Zəfər Günündə şəhidlərimizə olan mənəvi borcumuzu yerinə yetirmək, eyni zamanda, onların ruhuna ehtiramımızı göstərmək üçün gəlmişik. Göründüyü kimi, havanın soyuq və yağışlı olmasına baxmayaraq, xiyabana insan axını davam edir. Həmişə demişik ki, Azərbaycan xalqı qədirbilən xalqdır və bunu belə zamanlarda xüsusilə hiss edirik. Şəhidlərimiz və qazilərimiz də 44 günlük Vətən müharibəsində hava şəraitini, çətin şərtləri düşünmədən şücaət göstərərək torpaqlarımızı düşmən tapdağından azad ediblər. Ona görə də Zəfər Günündə xalqımız öz qəhrəmanlarını yad etməyə borcludur və yad edir".
Digər ziyarətçi Rita Əhədova ilə söhbət zamanı məlum olub ki, o, Vətən müharibəsi şəhidləri Ramiz Ağayev və Nihad Rzaxanovun müəllimi olub. Müsahibimiz bu gün bir zamanlar dərs dediyi, eləcə də digər şəhidləri yad etməyə gəldiyini bildirib: "Bugünkü böyük zəfər sevincini bizə yaşadan bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm. Biz onların vətən uğrunda fədakarlıqları sayəsində rahat yaşayırıq. Ali Baş Komandan İlham Əliyev başda olmaqla, xalqımızı Zəfər Günü münasibətilə təbrik edirəm. Var olsun dövlətimiz!"
Ehtiyatda olan mayor Sevindik Ağaməliyev Azərbaycan Silahlı Qüvvələrində 26 il xidmət etdiyini bildirib. Söhbət zamanı məlum olub ki, o, həm Birinci, həm də İkinci Qarabağ müharibəsinin iştirakçısı olub: "Uca Allah bir daha Azərbaycan xalqına ağır günlər göstərməsin. Böyük qələbəmiz münasibətilə xalqımızı, dövlətimizi ürəkdən təbrik edirəm. Fəxr edirəm ki, burada uyuyan şəhidlərimizlə çiyin-çiyinə döyüşmüşəm. Mən ilk növbədə bütün şəhid ailələri qarşısında baş əyir, onlara Allahdan səbr diləyirəm".
Xiyabanı ziyarət edənlərdən Bənövşə Hacıyeva söhbət zamanı Azərbaycan hərbçilərinin hasnı güc və qüdrətə sahib olduğundan söz açıb. Onun sözlərinə görə, məhz bu güc sayəsində uzun illər işğal altında olan torpaqlarımız azad olunub: "Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm. Biz onların sayəsində bu gün Azərbaycanımızın bütövlüyünü, böyük zəfərimizi qürurla qeyd edə bilirik. Şəhidlərimizin şücaətləri, fədakarlıqları barədə eşidəndə hər dəfə qürurdan qəhərlənirik. Azərbaycanın qəhraman oğulları ilə hər zaman fəxr etmişik, bundan sonra da fəxr edəcəyik".
Birinci Qarabağ döyüşlərinin iştirakçısı olmuş, qazi İlqar Abdurrəhmanov deyib ki, Zəfər Günü münasibətilə İkinci Şəhidlər Xiyabanına gəlməsində məqsəd Zəfərin əldə olunmasında canından keçən şəhidlərimizi yad etməkdir: "Bizə bu qüruru, sevinci yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyirik, ailələrinə səbr diləyirik. Allah bir də heç bir valideynə göz yaşları qismət eləməsin. Arzum budur ki, valideynlərimizin gözlərindən hər zaman sevinc göz yaşları axsın".
Ziyarətçi Rübabə Salmanova bildirib ki, Zəfər bayramını Azərbaycan xalqına yaşadan bütün şəhidlərin ruhuna ehtiramını göstərmək üçün Şəhidlər Xiyabanına gəlmək onun borcudur: "Bu gün ölkənin hər yerində şəhidlərin əziz xatirəsinə dərin ehtiram bəslənildiyinin şahidi olmaq mümkündür. Bütün bunlar insanların şəhidlərin xatirəsinə ehtiramlarının, həssas münasibətlərinin ifadəsidir. Şəhidlərin davamçıları varsa, arzuları həyata keçirsə, xatirələri hər yerdə anılırsa, deməli, onlar ölməyiblər, sıralarımızda yaşayırlar".