XTQ-nin şəhid kapitanı Nurlan Mustafayevə həsr edilmiş kitab təqdim olunub

Daxili siyasət
  • 13 oktyabr, 2022
  • 19:45
XTQ-nin şəhid kapitanı Nurlan Mustafayevə həsr edilmiş kitab təqdim olunub

Yasamal rayon Heydər Əliyev Mərkəzində Vətən müharibəsi şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) kapitanı Nurlan Mustafayevin xatirəsinə həsr olunmuş “Ruhən şəhid ANAnın NURLANmış xatirələri” kitabının təqdimatı keçirilib.

"Report" xəbər verir ki, təqdimat mərasimində həmçinin Nurlan Mustafayevin şəkillərindən ibarət sərgi nümayiş olunub.

Sərgiyə toplaşanlara N.Mustafayevin “Azərbaycan Bayrağı” ordeni və "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilməsi, keçdiyi şərəfli həyat yolu barədə məlumat verilib.

Təqdimat mərasimini kitabın redaktoru Lamiyə Rövşənqızı açıb. Azərbaycanın Dövlət Himni səsləndikdən sonra, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

İştirakçılar televiziya kanallarında şəhid N.Mustafayevin xatirəsinə həsr olunmuş verilişlərin fraqmentlərindən hazırlanmış videoçarxı izləyiblər.

Kitabın müəllifi, şəhidin anası Rəhilə Ramazanova “Ruhən şəhid ANAnın NURLANmış xatirələri”nin ərsəyə gəlməsindən bəhs edib: “İki ildən sonra kitabı ərsəyə gətirə bildim. Oğlum, eyni zamanda adını Zəfər tarixinə qızıl hərflərlə yazmış xüsusi təyinatlıların kapitanı Nurlan Mustafayev haqqındadır bu kitab... Torpaq, Bayraq müqəddəsdir və o bu müqəddəs amal uğrunda canını fəda etməkdən çəkinmədi. Həmişə dediyim bir söz var: hər şəhidin arxasınca bir ana şəhid olur”.

“Hər sahədə mükəmməl olan Nurlanım haqqında sadə bir xatirə kitabıdır, bu, paramparça, çat-çat olmuş ana ürəyinin fəryadıdır, bəlkə də təsəllisidir... Onunla bağlı hisslərimi ifadə etmişəm, ən xırda detalları belə qaçırmamağa çalışmışam. Kitabı çox çətinliklə başa gətirdim, hər xatirəni yazdıqca Nurlanlı günlərə geri qayıtdım, həmin hadisələri yenidən yaşadım. Göz yaşlarımı ətrafdakılardan gizlədərək, sızıldaya-sızıldaya yazdım. Ana yaddaşının məhsuludur bu kitab...”, - Rəhilə Ramazanova əlavə edib.

Tanınmış jurnalist, əməkdar mədəniyyət işçisi Telli Pənahqızı vurğulayıb ki, gələcəkdə filmlərə, ana obrazının yaradılmasına təkan verəcək bir kitabda kiçik də olsa, rolunun olmasına görə qürur hissi keçirir: “Rəhilə xanım, mən sizin rəssam kimi çizdiyiniz rənglərə toxunmadım, toxuna bilmədim. Ön sözünüzə belə toxuna bilmədim və bu səbəbdən “Son söz” ərsəyə gəldi”.

Tədbirdə iştirak edən Yasamal Rayon İcra Hakimiyyətinin başçsı Elşad Həsənov qeyd edib ki, Nurlan Mustafayev və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş övladlar xalqının qan yaddaşında əbədi yaşayacaqlar. O, şəhid anasına qəhrəman övlad böyütdüyünə görə minnətdarlığını bildirib, 2020-ci ildə tarixi Zəfərin qazanılmasında Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev başda olmaqla, şəhid və qazilərə ömrümüzün sonuna kimi borclu olduğumuzu dilə gətirib.

Millət vəkilləri - Ülvi Quliyev, Məlahət İbrahimqızı, Səbinə Xasayeva, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev şəhidlik zirvəsinin müqəddəsliyindən, aliliyindən danışaraq, qəhrəman analar qarşısında baş əydiklərini vurğulayıblar.

“Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov övlad itkisinin acısını mətinliklə qarşılayan Rəhilə Ramazanovanın xatirələrin nisgilli ağuşunda yaşadığı əzablara rəğmən onun belə bir kitabı ərsəyə gətirməsini qəhrəmanlıq nümunəsi adlandırıb. O bildirib ki, qəhrəman şəhidin anası Rahilə Ramazanova 20 ildən artıqdır metropolitendə çalışır. Hazırda Eskalator xidmətində çalışan Rəhilə xanım İşarəvermə və rabitə xidmətinin istehsalat-texniki şöbəsinin mühəndisi və rəhbəri də olub.

O qeyd edib ki, hələ uşaq ikən ağır xəstəlik səbəbindən atalarını itirən Nurlanla, bu gün metropolitençilər cərgəsində bilik və bacarığı, insani keyfiyyətləri ilə seçilən şəhidimizin qardaşı Fuad Mustafayevin min bir əzab-əziyyətlə ana himayəsində boya-başa çatmasına baxmayaraq, iki layiqli övladın timsalında R.Ramazanova ilə qürur duyduğunu xüsusi qeyd edib.

H.Məmmədov metropolitendə 21 şəhid ailəsi üzvü, 300-dən Qarabağ müharibəsi veteranı olduğunu deyib. Diqqətə çatdırıb ki, şəhid ailələri və müharibə veteranlarına dəstək məqsədilə metropolitendə nümunəvi sayıla biləcək “Şəhid ailələrinə və müharibə veteranlarina yardım mərkəzi”i yaradılıb.

Tədbirdə çıxış edənlər R.Ramazanovaya kitabı qələmə aldığına, ülvi və qarışıq hissləri yaşayan ana obrazını yaratdığına görə təşəkkürlərini ifadə ediblər. Mərasimdə N.Mustafayevə həsr olunmuş şeir səsləndirilib.

R.Ramazanova övladına olan ehtirama, özünə, ailəsinə verilən dəyərə və dəstəyə görə hər kəsə minnətdarlığını bildirib.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsinin iştirakçısı, kapitan Nurlan Hamlet oğlu Mustafayev Hadrut uğrunda gedən döyüşlərdə şəhid olub.

44 - Tezliklə