"Yardımların bərabər paylanılmamasını demək xeyriyyə işinə kölgə salmaq niyyəti daşıyır" - RƏYLƏR
- 22 aprel, 2020
- 10:02
Yeniliklərdən dərhal xəbərdar olun!
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycanda xüsusi karantin rejimi tətbiq olunduğu gündən etibarən aztəminatlı ailələrə yardım kampaniyası həyata keçirilir. Bu yardım həm dövlət tərəfindən əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlarla, həm də ayrı-ayrı vətəndaşlar, təşkilatlar və iş adamları tərəfindən davam etdirilir. Eyni zamanda, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının da prosesə qoşulması ilə yardım aksiyası daha da geniş vüsət alaraq ölkənin bütün şəhər və rayonlarını, eləcə də ucqar yaşayış məntəqələrini əhatə edib.
Bu isə bir təcrübə olaraq ölkənin çətin günlərində dövlət və xalq birliyinin bariz nümunəsidir. Beləliklə, karantin rejimi dövründə aztəminatlı və digər həssas kateqoriyadan olan ailələr və onlara sosial yardım göstərmək istəyən şəxslər bir araya gələrək bu işdə birgə vətəndaş həmrəyliyini genişləndiriblər. Amma buna baxmayaraq, yardım kampaniyasına kölgə salmağa çalışanlar da var. Bəziləri, guya, yardımların bərabər bölüşdürülmədiyini iddia etsələr də, sonradan onların bu iddialarının qeyri-səmimiliyi üzə çıxır.
Məsələ ilə bağlı “Report”a fikirlərini bölüşən Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib ki, bütün ölkələr üçün çox ciddi bir sınağa çevrilən koronavirus pandemiyasının yayıldığı bir dövrdə Azərbaycan bu problemdən uğurla çıxır:
“Dövlətin gördüyü qabaqlayıcı tədbirlər və eyni zamanda xəstəliyin qarşısının alınması istiqamətində atılan addımlar öz nəticəsini verməkdədir. Bu prosesin içərisində aztəminatlı ailələrə dəstək də gündəmdə olan məsələlərdəndir. Dövlət tərəfindən işsizlərə birdəfəlik müavinətin verilməsi, hesab edirəm ki, aztəminatlı ailələrə göstərilən böyük bir köməkdir. Eyni zamanda bu prosesin içərisində qeyri-hökumət təşkilatları, tanınmış şəxslər, ayrı-ayrı iş adamları da vətəndaşlara yardım əlini uzadırlar. Bu isə artıq böyük bir kampaniya şəklini alıb. Ona görə də bu prosesə qarşı bəziləri tərəfindən mənfi münasibətin daha da gücləndiyini görürük. Çünki o cür şəxslər pandemiyaya qarşı mübarizə çərçivəsində həyata keçirilən bu xeyirxah işlərə qoşulmurlar. Hansısa aztəminatlı ailənin yardımdan kənar qalmasını iddia edən şəxs bəs özü niyə həmin ailəyə kömək etmir? Niyə biz yardım kampaniyasında müxalifətin də iştirakını görmürük? Nəyə görə bütün günü sosial şəbəkələrdə çıxış edən radikal müxalifət liderləri bu gün əlinə yardım səbəti alıb aztəminatlı bir ailənin qapısını döymür? Ona görə də belələri ancaq görülən yaxşı işlərə kölgə salmağa cəhd göstərməklə məşğuldurlar".
A.Mirzəzadə hesab edir ki, xeyirxah işlərə kölgə salmağa çalışan bəzi şəxslər bununla iqtidara qarşı kampaniya kimi istifadə etmək istəyirlər: "Təbii ki, aztəminatlı ailələrə yardım kampaniyasının geniş vüsət aldığı bir dönəmdə bunların bütün iddialarının əsassız olduğu göz önündədir. Çünki yardımlar ilk növbədə müraciətlər əsasında və yaxud da əvvəlcədən bilinərək aztəminatlı ailələrə göstərilir. Cənab Prezident də çıxışlarının birində yardım edən şəxslərə öz təşəkkürünü bildirdi. Dövlət, ayrı-ayrı vətəndaşlar, iş adamları, təşkilatlar tərəfindən həyata keçirilən yardım kampaniyalarından heç bir aztəminatlı ailə kənarda qalmayacaq. Çünki bu kampaniya artıq geniş vüsət alıb və biz burada birliyi görürük”.
Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquq müdafiəçisi Əliməmməd Nuriyev isə “Report”a açıqlamasında bildirib ki, karantin rejimi dövründə aztəminatlı və digər həssas kateqoriyadan olan ailələrə yardım kampaniyası mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən əvvəlcədən hazırlanmış siyahı əsasında həyata keçirilir:
“Koronavirus pandemiyasının qarşısının alınması məqsədi ilə həyata keçirilən izolyasiya tədbirləri və məhdudiyyətlər, heç şübhəsiz ki, bəzi kateqoriyadan olan ailələrin sosial durumunda çətinliklər yaratdı. Dövlət də bu çətinlikərin aradan qaldırılması üçün zəruri olan bütün tədbirləri həyata keçirməyə başladı. Buna misal olaraq, işsizlərə müavinətlərin verilməsi, sahibkarlara dəstəyin göstərilməsini deyə bilərik. Bütün bunlar xüsusi qayğının nəticəsidir. Eyni zamanda aztəminatlı ailələrə yardım kampaniyası həyata keçirilməyə başladı. Bu prosesə ayrı-ayrı vətəndaşlar, iş adamları, təşkilatlar və s. qoşuldu. Heydər Əliyev Fondu bununla bağlı geniş bir kampaniya həyata keçirir. Eyni zamanda mərkəzi və yerli icra hakimiyyəti orqanları bu prosesə qoşulublar. Yəni, yardımlaşma bizim xalqımızın xüsusiyyətlərindəndir. Amma bu kampaniyaya qarşı çıxaraq yardımların bərabər paylanılmamasını iddia etmək ümumi xeyriyyə işinə kölgə salmaq deməkdir".
Ə.Nuriyev vurğulayıb ki, aztəminatlı ailələri müəyyənləşdirən kriteriyalar var: "Eyni zamanda, aztəminatlı ailələrə yardım paylanılması prosesini çox asanlıqla monitorinq etmək mümkündür. Ona görə ki, ictimai kampaniyalarda əvvəlcədən siyahı tutulur və proses siyahı əsasında həyata keçirilir. Ola bilər ki, hansısa vəzifəli şəxsin yaxın qohumu da aztəminatlı ailələlər sırasında olsun. Belə olan halda həmin ailəyə yardım göstərilməsini vəzifəli şəxslə qohumluğuna bağlamaq düzgün deyil. Əgər kiminsə aztəminatlı deyil, məhz imkanlı ailələrə yardım edilməsi ilə bağlı əllərində konkret olaraq faktlar varsa, bununla bağlı dəqiq ünvanlar göstərməklə müvafiq qurumlara müraciətlər edə bilər. Azərbaycan Prezidenti də deyib ki, hər hansı bir neqativ hal görürsünüzsə bununla bağlı bizi məlumatlandırın. Əgər sui-istifadə halları varsa, vətəndaşlar məlumat verməlidirlər. Çünki bu yardım kampaniyalarında yeganə məqsəd xeyirxahlıq məqsədidir və bəzi kateqoriyadan olan şəxslərin sosial vəziyyətini yüngülləşdirmək xarakteri daşıyır. Ona görə də insanları həmrəyliyə, birliyə təşviq edən böyük bir təşəbbüsə naməlum faktlarla kölgə salmaq doğru deyil. Düşünürəm ki, yaxşı işləri təşviq etmək lazımdır, bütün işlərə isə xələl gətirmək lazım deyil”.