Vətən Müharibəsi qəhrəmanının xatirəsi anılıb
- 20 sentyabr, 2025
- 15:11

Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Abdullayev Rəşad Arif oğlunun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
"Report" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Müdafiə Nazirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, yaxınları və döyüş yoldaşları iştirak ediblər.
Əvvəl Ümummilli Lider Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Dövlət Himni səsləndirilib.
Daha sonra mərasimdə qəhrəman zabitin həyat və döyüş yolunu əks etdirən videoçarx nümayiş etdirilib. Çıxış edənlər şəhidin döyüşlərdə göstərdiyi qəhrəmanlıq və şücaətlərindən söz açaraq şərəfli həyat yolu haqqında danışıblar.
Şəhidin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident MehribanƏliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

