Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konfrans keçirilib

Daxili siyasət
  • 01 iyun, 2026
  • 15:49
Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konfrans keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş "Mənim səsim-mənim hüquqlarım" mövzusunda konfrans keçirilib.

"Report" xəbər verir ki, tədbirdə Uşaq Səfirlər Məclisinin Bakı və region nümayəndələrindən ibarət 100 uşaq iştirak edib.

Konfransdan öncə Uşaq Səfirlər Məclisinin Bakı və region nümayəndələrinin əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olublar.

Bununla yanaşı, uşaqların maraq və bacarıqlarının nümayiş etdirilməsi məqsədilə yaradıcılıq, musiqi və "Uşaq tribunası" guşələri təşkil olunub.

Tədbirdən əvvəl "Uşaq tribunası" guşəsində uşaqlara öz fikirlərini ifadə etmək imkanı yaradılıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününün uşaqların hüquq və mənafelərinin qorunmasına diqqətin artırılması, onların rifahı, sağlamlığı, təhsili və təhlükəsiz gələcəyi naminə birgə səylərin təşviqi baxımından əhəmiyyətini vurğulayıb.

B.Muradova dövlət komitəsinin son bir il ərzində uşaq hüquqlarının müdafiəsi, maarifləndirmə və ictimai iştirakçılığın təşviqi istiqamətində geniş fəaliyyət həyata keçirdiyini diqqətə çatdırıb.

O, Uşaq Səfirlər Məclisi və Uşaqların İnkişafı Platformasının ölkədə uşaqların səsinin eşidildiyi mühüm iştirak platformalarına çevrildiyini bildirib:

"Bu təşəbbüslər uşaqların fikir və təkliflərinin nəzərə alınmasına, regionlarda yaşayan uşaqların iştirak imkanlarının genişləndirilməsinə, onların vətəndaş məsuliyyətinin formalaşmasına və sosial fəallığının artırılmasına töhfə verir".

Uşaq hüquqlarının qorunmasının yalnız dövlət qurumlarının deyil, bütövlükdə cəmiyyətin ortaq məsuliyyəti olduğunu diqqətə çatdıran B. Muradova, bu sahədə fəaliyyət göstərən bütün tərəfdaş qurumların, mütəxəssislərin, media nümayəndələrinin və valideynlərin rolunu yüksək qiymətləndirib.

Konfrans çərçivəsində Uşaq Səfirlər Məclisinin Bakı şəhəri və regionlar üzrə illik fəaliyyət hesabatları təqdim olunub. Hesabatlarda ötən dövr ərzində həyata keçirilən layihələr, maarifləndirici tədbirlər, sosial təşəbbüslər və uşaqların inkişafına yönəlmiş fəaliyyətlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, 2020-ci ildə fəaliyyətə 15 iştirakçı ilə başlayan məclis hazırda ölkə üzrə 6 mindən çox uşağı öz ətrafında birləşdirir.

Tədbirdə həmçinin Uşaq Səfirlər Məclisinin məzun üzvləri tərəfindən təsis edilmiş Azərbaycan Uşaqlarının İnkişaf Platformasının illik fəaliyyətinə dair təqdimat keçirilib.

"Azərbaycan Uşaqlarının İnkişaf Platforması" İctimai Birliyinin sədri Misir Məmmədov platforma çərçivəsində il ərzində həyata keçirilən layihələr, uşaqların və gənclərin inkişafı, iştirakçılığının təşviqi və onların təşəbbüslərinin dəstəklənməsi istiqamətində görülən işlər barədə məlumat verib.

Konfransın növbəti hissəsində uşaqları maraqlandıran aktual mövzular üzrə çıxışlar dinlənilib.

Daha sonra "100 uşağın səsi" interaktiv stendində iştirakçı uşaqlar tərəfindən qeyd edilən fikir, arzu və təkliflər ümumiləşdirilərək səsləndirilib.

Sonda xatirə fotosu çəkdirilib.

44 - Tezliklə