Tərtərdə Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən kütləvi idman tədbirləri keçirilib

Daxili siyasət
  • 28 aprel, 2023
  • 07:31
Tərtərdə Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən kütləvi idman tədbirləri keçirilib

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Tərtər rayonunda hərbçilərin və ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan kütləvi idman tədbiri keçirilib.

“Report”un Qarabağ bürosunun xəbərinə görə, tədbirdə Müdafiə Nazirliyinin, Tərtər rayon İcra Hakimiyyətinin, rayonun Təhsil sektorunun, Yeni Azərbaycan Partiyasının rayon təşkilatının, Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin, Gənclər və İdman İdarəsinin nümayəndələri, "N" hərbi hissənin şəxsi heyəti, məktəblilər, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ümummilli Liderin Tərtər rayonu ərazisindəki Mərkəzi meydanda ucaldılan abidəsi önünə gül dəstələri düzülərək xatirəsi ehtiramla anılıb. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər dövlətçiliyimizin qorunub saxlanması istiqamətində Heydər Əliyevin göstərdiyi gərgin siyasi fəaliyyətdən, Ulu Öndərin Vətən və millət üçün gördüyü genişmiqyaslı işlərdən, ölkəmizin həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasındakı müstəsna xidmətlərindən danışıblar.

İdman tədbirlərində 3 km məsafəyə qaçış, şahmat, rəsm və əl işlərindən ibarət sərgi, futbol, voleybol, tenis, viktorinalarda fərqlənənlər fəxri fərmanlarla təltif ediliblər. Həmçinin Vətən qoruyucularının asudə vaxtlarının təşkili ilə bağlı keçirilən tədbirlər nümayiş olunub.

Sonra Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Əsgərə məktub” layihəsi çərçivəsində Vətən müdafiəçilərinə məktublar ünvanlanıb. Torpaqlarımızın keşiyində ayıq-sayıq, mərdanə dayandıqlarına görə onlara uğurlar arzulanıb və əsgərlik müddətini uğurla başa vuraraq sağ-salamat evlərinə dönmələrini arzulayıblar.

Sonda incəsənət nümayəndələrinin iştirakı ilə konsert proqramı təqdim olunub.