Şuşa və Naxçıvandan Davamlı İnkişaf Məqsədlərinin lokallaşması üzrə strukturlaşdırılma başlayıb
- 22 may, 2026
- 12:48
Yeniliklərdən dərhal xəbərdar olun!
Şuşa və Naxçıvanda Davamlı İnkişaf Məqsədlərinin (SDG) lokallaşması üzrə strukturlaşdırılmış prosesə başlanılıb.
"Report" xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Şəhərsalmada iqlim hədəflərinə nail olmaq üçün strateji ətraf mühitin qiymətləndirilməsi vasitəsi kimi" sessiyada deyib.
Onun sözlərinə görə, qlobal SDG hədəflərinin 83 %-i hələ də yerinə yetirilməyib:
"SDG-lərin şəhər planlaşdırmasına və siyasətinə inteqrasiyası seçim deyil, zərurətdir. Azərbaycan 4 Könüllü Milli Hesabat təqdim edib, 50-dən çox dövlət proqramını və strategiyasını SDG hədəfləri ilə uyğunlaşdırıb və milli səviyyədə institusional koordinasiya mexanizmləri yaradıb. Ən vacibi isə Şuşa və Naxçıvanda SDG lokallaşması üzrə strukturlaşdırılmış prosesə başlanılıb. Bu proses qlobal öhdəlikləri yerli nəticələrə çevirir: daha inklüziv şəhər planlaşdırması, sübuta əsaslanan yerli idarəetmə, daha yaxşı infrastruktur, daha güclü iqlim dayanıqlığı və təkmilləşdirilmiş ictimai xidmətlər".
H.Hüseynov bildirib ki, Azərbaycanın milli gündəliyi "yaşıl inkişaf", bərpa olunan enerji, enerji keçidi, iqlim dayanıqlığı və "ağıllı şəhər" inkişafına əsaslanır:
"Bərpa olunan enerji 2026-cı ilə qədər elektrik istehsalının 24 %-nə çatdırılacaq və rəqəmsal infrastruktur artıq ölkənin 95 %-ni əhatə edir".