Şuşa artıq Türk dünyasının ortaq diplomatik və mənəvi mərkəzi kimi qəbul edilib - RƏY

Daxili siyasət
  • 18 sentyabr, 2025
  • 13:41
Şuşa artıq Türk dünyasının ortaq diplomatik və mənəvi mərkəzi kimi qəbul edilib - RƏY

Şuşa artıq Türk dünyasının ortaq diplomatik və mənəvi mərkəzi kimi qəbul edilib.

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputat Vasif Qafarov deyib.

Onun sözlərinə görə, Şuşada keçirilən mötəbər tədbirlər iki xalq arasında həmrəyliyin güclənməsinə xidmət edir:

"Şuşa şəhəri əsrlər boyu xalqımızın mədəniyyətində, tarixində və mənəvi dəyərlərində xüsusi yer tutub. Bu, Prezident İlham Əliyevin Türk dünyasının birliyinə və əməkdaşlığına verdiyi xüsusi önəmin bariz göstəricisi olub. Şuşanın bu möhtəşəm statusa yüksəlməsi, ümumilikdə, Prezidentimizin çoxşaxəli fəaliyyətinin bir hissəsi olub. Onun rəhbərliyi ilə Azərbaycan Ordusunu gücləndirib və regionun ən qüdrətli hərbi qüvvəsinə çevirib, Qarabağı azad etməklə milli qüruru və tarixi ədaləti bərpa edib".

Milli Məclisin üzvü bildirib ki, bu gün Prezident İlham Əliyevin uzaqgörən siyasəti və qətiyyətli liderliyi nəticəsində Şuşa təkcə Azərbaycanın deyil, bütövlükdə regionun diplomatik mərkəzinə çevrilib:

"İlham Əliyev Zəngilan, Füzuli, Laçın, Kəlbəcər və Şuşa kimi şəhərlərdə genişmiqyaslı bərpa-quruculuq işləri apararaq "Böyük Qayıdış" prosesini sürətləndirib, enerji, nəqliyyat və iqtisadi layihələrlə Azərbaycanın regional liderliyini möhkəmləndirib diplomatiyada balanslı siyasət yürüdərək ölkəmizi beynəlxalq arenada etibarlı tərəfdaşa çevirib. 2020-ci ilin Vətən müharibəsində əldə etdiyimiz böyük Qələbə və Şuşanın işğaldan azad edilməsi xalqımızın tarixi ədalətə qovuşmasının parlaq nümunəsi olub. Bu zəfər, ilk növbədə, Prezident İlham Əliyevin dəmir iradəsinin, güclü siyasi kursunun və milli maraqlar naminə apardığı ardıcıl mübarizəsinin nəticəsi olub. Prezidentimizin dediyi kimi: "Şuşasız Qarabağ yoxdur, Qarabağsız isə Azərbaycan yoxdur." Bu sözlər dövlət başçımızın Şuşaya verdiyi strateji və mənəvi əhəmiyyətin göstəricisi olub".

Vasif Qafarov

V.Qafarov vurğulayıb ki, ənənəvi olaraq paytaxtlarda həyata keçirilən diplomatik protokol qaydaları bu gün Şuşada ən yüksək səviyyədə tətbiq edilib:

"Dövlət himnlərinin səsləndirilməsi, fəxri qarovul dəstəsinin düzülməsi, qırmızı xalça mərasimləri, Qarabağ atlarının şousu və zəngin mədəni tədbirlər Şuşada keçirilən beynəlxalq görüşlərin ayrılmaz hissəsinə çevrilib. Bu, Azərbaycanın həm qlobal diplomatiya, həm də milli mədəniyyət elementlərini vəhdətdə təqdim etməsinin unikal nümunəsi olub. Prezident İlham Əliyevin təşəbbüsü ilə bu gün Şuşa beynəlxalq tədbirlərin keçirildiyi nüfuzlu bir məkana çevrilib. Burada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının tarixi zirvə görüşü baş tutub, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Türkmənistanın Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Macarıstanın Baş naziri Viktor Orban kimi nüfuzlu liderlər Şuşaya səfər ediblər. Bu səfərlər Şuşanın təkcə Azərbaycan üçün deyil, həm də Türk dünyası və Avropa üçün strateji diplomatik mərkəz olduğunu təsdiqləyib".

Deputat Azərbaycanın bu addımlarla bütün dünyaya öz siyasi mədəniyyətini yad təsirlər üzərində deyil, milli dəyərlər və tarixi kökləri üzərində qurduğunu göstərdiyini söyləyib:

"Prezident İlham Əliyev bu siyasəti ilə həm ölkə daxilində, həm də beynəlxalq aləmdə sabitliyi, inkişafı və güclü dövlətçilik ənənələrini təmin edib. Bu gün Şuşa Prezident İlham Əliyevin uğurlu siyasətinin, dəmir iradəsinin və dövlətçilik vizyonunun nəticəsi olaraq həm Azərbaycanın gücünün, həm də regionda diplomatiya mərkəzi kimi nüfuzunun simvoluna çevrilib. Şuşa yalnız tarixi-mədəni paytaxt deyil, həm də gələcəkdə Azərbaycan diplomatiyasının aparıcı ünvanı olacaq".

Son xəbərlər

Bütün Xəbər Lenti