Yol polisi: Sürücülər tullantılar arasından tapılan qeydiyyat nişanlarını bərpa etdirə bilərlər
- 14 sentyabr, 2023
- 07:51
Yeniliklərdən dərhal xəbərdar olun!
"Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodunda tapılan avtomobil dövlət qeydiyyat nişanlarını sürücülər yenidən bərpa etdirə bilərlər".
"Report" xəbər verir ki, bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodunda 50-dən artıq avtomobil dövlət qeydiyyat nişanı tapılıb:
"Həmçinin, tullantılar arasında avtomobillərin müvafiq sənədləri, texniki şəhadətnamələr, sürücülük vəsiqələri də olub. “Təmiz Şəhər” ASC və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi “Tap qaytar” adlı yeni layihəyə başlayır. Bunun sayəsində tapılan qeydiyyat nişanları Baş Dövlət Yol Polisi İdarəsinə təhvil verilib. Tərəfimizdən həmin nömrə sahiblərinə məlumat veriləcək. Onlar öz sənədləri ilə birlikdə bizə yaxınlaşaraq həmin nömrələri götürə bilərlər".