“Siyasi partiyalar haqqında” qanun layihəsi ilə bağlı ictimai dinləmə keçirilib - YENİLƏNİB

Daxili siyasət
  • 04 noyabr, 2022
  • 09:25
“Siyasi partiyalar haqqında” qanun layihəsi ilə bağlı ictimai dinləmə keçirilib - YENİLƏNİB

Bu gün “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması ilə bağlı növbəti ictimai dinləmə keçirilib. 

“Report”un xəbərinə görə, dinləmədə Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Milli Məclisdə təmsil olunan partiyaların nümayəndələri, deputatlar və QHT nümayəndələri iştirak ediblər. 

Ə.Hüseynli layihə barədə məlumat verib. 

Daha sonra çıxış edən Z.Oruc xatırladıb ki, Gələcək Azərbaycan Partiyası (GAP) və Ağ Partiya sədrləri partiya rəhbərlərinə toxunulmazlıq və diplomatik pasportların verilməsi təklifi ilə çıxış ediblər: "Hesab edirəm ki, sözügedən təkliflər məqbul sayılsa belə, həmin təklif bu qanunun predmeti deyil".

O həmçinin bildirib ki, müvafiq təkliflər nəzərə alınmaqla yekunda “Siyasi partiyalar haqqında” mükəmməl qanun qəbul olunacaq.

Azərbaycan Demikratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə isə çıxışı zamanı Azərbaycanda partiya sədrlərinin psixoloji durumunun yoxlanılmasını təklif edib: "Bu məsələ ilə əlaqədar bir sıra amillərə diqqət edilməlidir. Hesab edirəm ki, biz bunu etməklə ölkəmizin siyasi mühitini qoruya bilərik. Ona görə də “Siyasi partiyalar haqqında” yeni qanun layihəsində bu barədə müddəanın əksini tapması vacibdir”.

Toplantıda çıxış edən “Dilarə Əliyeva adına Azərbaycan Qadınlarının Hüququnun Müdafiəsi Cəmiyyəti”nin sədri Novella Cəfəroğlu bildirib ki, ABŞ da çoxlu partiya var, ancaq seçkilərdə hakimiyyət uğrunda iki partiya mübarizə aparır: “Azərbaycanda da iki əsas partiyanın olmasını istəyərdim, fikrimcə bu kifayətdir. Ölkədə fəaliyyət göstərən digər partiyalar da təhsil, səhiyyə ilə məşğul olsunlar və ya birləşsinlər".

QHT sədri hazırda Azərbaycanda 4 mindən çox QHT olduğunu da xatırladıb: “Ancaq onların əksəriyyətinin yalnız bir qovluğu var”.

Tədbir çərçivəsində “Siyasi partiyalar haqqında” qanun layihəsi barədə ictimai və siyasi xadimlər arasında müzakirələr aparılıb, yeni təkliflər səsləndirilib. 

Dinləmə çıxışlarla davam edib.

11:29

Milli Məclisin təşkilatçılığı ilə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması ilə bağlı ictimai dinləmə keçirilir.

“Report”un xəbərinə görə, tədbirdə Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, qanunverici orqanda təmsil olunan siyasi partiyaların nümayəndələri, deputatalar və QHT nümayəndələri iştirak edirlər.

Milli Məclisin sədr müavini, “İctima birliklər və dini qurumlar komitəsi”nin sədri Fəzail İbrahimli bildirib ki, ölkədə islahatlar aparılır və “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi də bu islahatlarla bağlıdır.

Daha sonra Sosial Tədqiqatlar Mərkəzinin bu sahədə apardığı sorğunun nəticələri elan olunub. Respondentlərin 90,2 faizi hesab edir ki, partiyalara maliyyə yardımlarına dövlət nəzarəti təmin edilməlidir, 51,2 faiz isə düşünür ki, sədri qadın olan partiyalara ehtiyac var.

44 filmi