Şəkidə Zəfər Günü təntənəli şəkildə qeyd edilib
- 08 noyabr, 2022
- 14:04
44 günlük Vətən Müharibəsində düşmən üzərində əldə olunmuş tarixi qələbənin ikinci ildönümü münasibətilə Şəkidə silsilə tədbirlər keçirilib.
“Report”un xəbərinə görə, səhər saatlarında şəhər rəhbərliyi, Vətən müharibəsi iştirakçıları və qaziləri Şəhidlər Xiyabanını və İkinci Qarabağ müharibəsi şəhidlərinin uyuduğu “Şəhid Məzarlığını” ziyarət ediblər, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş igid vətən oğullarının xatirəsini ehtiramla anıblar.
Daha sonra tədbir iştirakçıları Şəki şəhərində yerləşən Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış Ulu öndərin abidəsini ziyarət edərək abidəsi önünə gül dəstələri qoyublar.
Heydər Əliyev Mərkəzinin qarşısında bayram konserti təşkil olunub. Tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra yerli incəsənət nümayəndələri, şəhərin musiqi məktəblərinin şagird və müəllimlərinin maraqlı konsert proqramı təqdim ediblər.
Qeyd edək ki, Zəfər Günü münasibətilə konsert proqramları, həmçinin, Şəki Dövlət Dram Teatrının qarışısında, eləcə də Bəxtiyar Vahabzadə adına mədəniyyət və istirahət parkında təşkil olunub.